Mayın 17-dən 20-dək Rusiya Federasiyasının Novosibirsk şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin gəncləri arasında 8-ci açıq Delfi Oyunları keçirilib.
   
   İncəsənətin müxtəlif sahələrini əhatə etməklə 19 nominasiya üzrə keçirilən oyunlarda 21 ölkədən, o cümlədən Rusiya Federasiyasının subyektlərindən təxminən 2500 gənc iştirak edib.
   Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri tərəfindən formalaşdırılan Azərbaycan komandası yeddi nominasiya üzrə (fortepiano, skripka, təsviri incəsənət, milli vokal, estrada oxuma, xalq musiqi aləti və di-djey) 11 nəfər istedadlı gənclə təmsil olunub.
   Di-djey nominasiyasında Eldar Məmmədov ikinci yeri tutaraq gümüş medal və diploma layiq görülüb. Skripka nominasiyasında Bakı şəhəri M. və L.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Süleyman Eyyubov, xalq musiqi alətləri nominasiyasında F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin kamança ixtisası üzrə şagirdi Samir Hüseynov, estrada nominasiyasında gənc müğənni Xana Həsənova və Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi nəzdində musiqi məktəbinin şagirdi İslam Qasımov Delfi Oyunlarının diplomantı adını qazanıblar.
   Delfi Oyunlarının müsabiqə və festival proqramları, habelə təntənəli açılış və bağlanış mərasimindən reportajlar \"Rossiya 1\", \"Kultura\" telekanallarında, habelə Rusiyanın digər mərkəzi qəzetlərində işıqlandırılıb.