Mayın 27-də Muzey Mərkəzinin qalereyasında tanınmış alman rəssamı İnqa Şmidtin “Həyatın rəngləri” (“Colours of life”) adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, rəssamlar iştirak edib.
Açılışda çıxış edən nazir Əbülfəs Qarayev sərginin 29 may - 1 iyun 2013-cü il tarixində Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində gerçəkləşən ilk mədəniyyət layihələrindən biri olduğunu vurğulayıb. İnqa Şmidtin yaradıcılığından və sərginin əhəmiyyətindən söz açan Əbülfəs Qarayev bildirib ki, almaniyalı rəssam dünyanın müxtəlif ölkələrindən olan fərqli düşüncə tərzinə malik insanların bədii obrazları vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək İnqa Şmidtin təsviri sənət dünyasının bədii xüsusiyyətlərindən danışıblar. Çıxış edənlər “Həyatın rəngləri” sərgisində yer alan əsərləri yüksək qiymətləndirərək rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.
İnqa Şmidt onun yaradıcılığına göstərilən diqqətə və sərginin təşkilinə verilən dəstəyə görə təşəkkürünü bildirib. Rəssam qeyd edib ki, sərgidə nümayiş olunan əl işləri böyük ekspozisiyanın bir hissəsidir: “Bu əsərlərin əksəriyyəti mənim səfərlərim zamanı qarşılaşdığım insanların portretləridir”.
Sonra sərgiyə baxış keçirilib. Ekspozisiyada alman rəssamın 27 əsəri, o cümlədən Azərbaycana həsr olunmuş işləri yer alıb.
Qeyd edək ki, Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidt Leypsiq Universitetinin germanistika və italyan renessansı sənəti fakültəsini bitirib. Sonra Halle şəhərində İncəsənət Kollecində rəngkarlıq və qrafika ixtisası üzrə təhsil alıb. 1984-cü ildə Şərqi Almaniyadan Qərbi Berlinə köçüb. İndiyədək əsərləri Meksika, İtaliya, Fransa, ABŞ, Polşa və s. ölkələrdə sərgilənib. Ötən il Azərbaycan Rəssamlıq Akademiyasında ustad dərsləri keçən rəssama bu təhsil ocağının professoru elmi adı verilib.