Bakı Forumunun mədəni proqramı da zəngin idi. İyunun 1-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Çex süleymandaşı” adlı sərginin açılışı oldu.
Milli Azərbaycan Tarixi Muzeyinin Çexiyanın Milli Muzeyi, Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Praqadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi sərgi xalq arasında “Süleymandaşı” adlanan çex qranat mineralına həsr edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq iki ölkənin mədəni əməkdaşlığında mühüm hadisə olan belə bir sərginin Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramına salınmasının əhəmiyyətini vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, sərgi Çexiya torpaqlarının mineroloji rəmzi sayılan bu qiymətli daşdan düzəldilən zərgərlik əşyaları və tətbiqi sənət nümunələrini nümayiş etdirmək məqsədilə təşkil olunub. Bildirildi ki, sərginin keçirilməsi barədə qərar ötən il Prezident İlham Əliyevin Çexiyaya səfəri zamanı qəbul olunub. Bununla bağlı iki ölkənin müvafiq muzeyləri arasında anlaşma memorandumu imzalanıb.
Çexiyanın mədəniyyət naziri Alena Xanakova qeyd etdi ki, Çexiya Milli Muzeyi bu daşı 1918-ci ildən etibarən toplayır: “Bu, dünyada ən böyük mineral kolleksiyadır. Sərgidə tamaşaçılar zərgərlik nümunələri, məişət əşyaları, bədii və tarixi-etnoqrafik materiallardan ibarət 160 eksponatla tanış olacaqlar. Eksponatlar Qotik dövrdən günümüzədək olan tarixi əhatə edir”.
Akademik İsa Həbibbəyli çıxışında bu tədbirlərin ölkələr arasında elmi əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğuladı.
Çexiya Milli Muzeyinin direktoru Mixal Lukaç qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan sərgi yeni mədəni əlaqələr üçün bir zəmindir. O, sərginin təşkilinə verdiyi dəstəyə görə iki ölkənin müvafiq nazirliklərinə, Azərbaycanın Praqadakı səfirliyinə təşəkkür etdi.
Sonra tədbir iştirakçıları Çexiya mineral incilərinin sərgisi ilə tanış oldular.
Savalan Fərəcov