İyunun 17-dən 22-dək Romada Azərbaycan və İtaliyanın qadın rəssamlarının birgə sərgisi təşkil olunacaq.
   “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Nizami dünyasının rəngləri” layihəsi çərçivəsində gerçəkləşəcək sərgidə dahi Azərbaycan şairinin əsərlərinə çəkilmiş rəsmlər nümayiş olunacaq.
   “Sönməz Məşəl” İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyevanın bildirdiyinə görə, sərgidə Azərbaycanı Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənova, İtaliyanı isə iki gənc xanım rəssam təmsil edəcək. Sərgi Romanın məşhur “Galleia d’Arte Consorti” rəsm qalereyasında keçiriləcək.
   Layihənin reallaşmasına ölkəmizin İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Dostluq Cəmiyyəti və Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupu kömək edib. Xatırladaq ki, ictimai birlik bundan əvvəl ABŞ-ın Corc Meyson Universitetində və Almaniyanın Berlin şəhərində də oxşar layihələr həyata keçirib.