Bu il mayın 15-dən iyulun 14-dək Almaniyanın Drezden şəhərində “Kultur Aktiv” təşkilatı tərəfindən keçirilən VI Transqafqaz festivalı çərçivəsində “Kişi və qadınlar arasında gender bərabərliyi” və “Sərhədsiz dünya” mövzularında iki layihə reallaşdırılıb.
   
   Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, birinci layihədə altı həftə ərzində Cənubi Qafqaz respublikalarının nümayəndələri təmsil olunub. Layihədə Azərbaycandan rəssam Səbinə Şıxlinskaya iştirak edib.
   Almaniya, Çexiya və Polşanın sərhədində keçirilən ikinci layihədə isə Səbinə Şıxlinskaya ilə bərabər, azərbaycanlı heykəltəraş Çingiz Babayev də iştirak edib.
   Cənubi Qafqaz ölkələrindən olan xanım rəssamların əl işləri “Qadınların gözü ilə” adı altında sərgilənib. Yekun sərgi Drezden şəhərində Yohannştadt rayonunun mədəniyyət mərkəzində keçirilib.
   Mərasim iştirakçıları rəssamların əl işləri ilə tanış olmaqla yanaşı, Cənubi Qafqaz mətbəxi layihəsində təqdim olunan Azərbaycan yeməklərinin də dadına baxıblar. Həmvətənimiz Əlihüseyn Babayev və onun həyat yoldaşı Yuliana Şneyderman tərəfindən təqdim edilən yeməklərimiz həm almanlarda, həm də digər xalqların nümayəndələrində böyük maraq doğurub.
   Daha sonra Tsittau şəhərində “Land art” üslubunda əl işlərinə yekun baxış keçirilib. Azərbaycanlı rəssamların burada sərgilənən işlərində dinindən, dilindən və harada yaşamasından asılı olmayaraq xalqların birləşməsi ideyası əksini tapıb.