Bakıda tanınmış rəssamın sərgisi
İyulun 15-də Xətai Miniatür Sənət Mərkəzində belaruslu rəssam Leonid Afryomovun rəsmlərindən ibarət sərgi açıldı.
Sərgidə rəssamın 12 əsəri nümayiş olunur. Ekspozisiya rəssamın Bakıda debütü idi. Tədbirə çoxlu rəsm həvəskarının təşrif buyurması isə müəllifin sənət aləmində geniş tanındığının göstəricisi idi.
Sərginin təşkilatçısı Sərxan Ağasoy bildirdi ki, yəhudi əsilli Leonid Arfyomov 1955-ci ildə Belarusun Vitebsk şəhərində anadan olub. Ötən əsrin 90-cı illərində İsrailə köçüb və sənətkar kimi də orada məşhurlaşıb. Son illər Amerikada yaşayır: “Rəssamdan Azərbaycanda sərgisinin keçirilməsini xahiş etdim və məmnuniyyətlə razılıq verdi. Müəllif özü bu sərgidə şəxsən iştirak edə bilmir, amma payız aylarına nəzərdə tutulan növbəti sərgidə sənətsevərlər rəssamla yaxından tanış ola biləcəklər”.
Təqdim olunan əsərlərdən hiss olunurdu ki, rəssam əsərləri ilə tamaşaçıya öz dərin düşüncələrini deyil, şəxsi xatirə və emosiyalarını xatırladır, öz arzularını, səyahət təəssüratlarını təsvir edir. Bu sadəlik də tamaşaçılarının ürəyinə yol tapır. Payızı, yağışı, romantikanı sevən insanlar bu sərgidən böyük zövq ala bilərlər. Təqdim edilən 12 əsərin hər birində pozitiv həyat eşqi, əlvan rənglər əks olunub.
“Uzun gecə”, “Günəşli oktyabr”, “Duman əhval-ruhiyyəsi”, “Tökülən yarpaqlar” əsərlərində rəssam tünd rənglərə yer ayırmayıb. Təbiətə məhəbbət ilk baxışdan hiss edilir. Elə bu səbəbdən də qırmızı rəng bütün rəsmlərdə üstünlük təşkil edir.
Eyni zamanda, rəsmlər bir-birini ardıcıl olaraq tamamlayır.
Rəssamın unikal texnikası və parlaq rənglərdən istifadəsi sərgiyə gələnlərə pozitiv, isti enerji bəxş etdi. İyulun 23-dək davam edəcək sərgi sənətsevərlərə xoş anlar yaşadacaq. Qeyd edək ki, sərgi həm də satış məqsədi daşıyır. Arzu edənlər sənət əsərlərini ala bilərlər.
Lalə Azəri