İyunun 25-də Dövlət Film Fondunun təşkilatçılığı ilə Muzey Mərkəzində tanınmış aktyor, rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Yazıçılar Birliyinin sədri Anar, kinoşünas Aydın Kazımzadə və digərləri İsmayıl Əfəndiyevin həyat və fəaliyyətindən danışıblar.
   C.Quliyev bildirib ki, İ.Əfəndiyev çəkildiyi “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Fətəli xan”, “Koroğlu”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “İnsan məskən salır” filmlərində yaddaqalan obrazlar yaratmış, 200-dək xarici filmin Azərbaycan dilinə dublyajında iştirak etmişdir. Tədbirdə aktyorun çəkildiyi filmlərdən fraqmentlər göstərilib, kinoda yaratdığı qəhrəmanların fotosərgisi nümayiş etdirilib.
   Sonda İ.Əfəndiyevin ailə üzvləri adından kürəkəni Nüstər Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.