Milli İncəsənət Muzeyində sərginin xüsusi təqdimatı keçiriləcək
   
   Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamına əsasən, hər il iyulun 9-u Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
   
   Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə iyulun 5-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları üçün “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisinin xüsusi təqdimatı keçiriləcək.
   Muzeydən bildiriblər ki, ekspozisiyada Azərbaycanın qədim maddi və mənəvi mədəniyyətini özündə əks etdirən tətbiqi və təsviri sənət nümunələri - Göygöl, Beyləqan, Naxçıvan, Şəki, Şamaxı və s. bölgələrdən tapılan keramika, tunc və dəmir dövrlərinə aid metal nümunələri, XII-XIX əsrlərdə Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda, Şamaxıda hazırlanmış silahlar, XVIII əsrə aid kaşı üzlüklər, dulusçuluq və metal əşyalar yer alıb.
   Azərbaycanda kitab qrafikası XI-XII əsrlərdə miniatür və təsviri sənət kimi yaranan ən qədim sənət incilərindəndir. Sərgidə təqdim olunan XVII-XVIII əsrlərə aid naməlum rəssamlar tərəfindən çəkilmiş “Qoca aqil və gənc oğlan”, “Aqil və onun müridləri”, ağac üzərində miniatürlər milli miniatür sənətimizin ənənələrini özündə əks etdirir.
   Azərbaycanda dəzgah rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin, Mir Möhsün Nəvvabın, Abbas Şərqizad Təbrizinin, Abbas Hüseyninin, Əzim Əzimzadənin akvarel əsərləri ilə yanaşı, italyan rəssamı Con Kozalaninin 1840-cı ildə yağlı boya ilə çəkdiyi “Bəhmən Mirzənin portreti”, naməlum rəssamların əsərlərindən “Sultan Bəyazid”in və “Nurəli Şah”ın portretləri (XIX-XX əsrlər) də ekspozisiyada yer alıb.
   Sərgidə müxtəlif tikmə, xovlu və xovsuz xalçalar, milli qadın geyimləri, zərgərlik, bədii ağac nümunələri də nümayiş etdirilir.