Dünyaya səs salan və qısa müddətdə çoxsaylı tamaşaçı auditoriyası toplayan “Alatoran” (“Twilight”) filminin “Tutulma” (“Eclipse”) adlı üçüncü hissəsinin dünya premyerası iyunun 30-da baş tutacaq. Filmin təqdimatı eyni zamanda Azərbaycanda da həyata keçiriləcək. Həmin gün “Azərbaycan” kinoteatrında “Tutulma”nın ilk nümayişi olacaq.
   “Azərbaycan” kinoteatrından verilən məlumata görə, gün ərzində filmin bir neçə seansda nümayişi nəzərdə tutulub. Məlumata görə, filmin ilk nümayişinə Azərbaycan tamaşaçıları tərəfindən böyük maraq var. Bu filmə baxmaq üçün minlərlə tamaşaçı “Azərbaycan” kinoteatrına müraciət edib. Filmin biletləri isə elə nümayiş günü - iyunun 30-da satışa çıxarılacaq. Biletlərin qiyməti 10 manatdır. “Tutulma”nın “Azərbaycan” kinoteatrında nümayişi üç həftə davam edəcək.
   Qeyd edək ki, Stefan Mayerin eyniadlı əsəri əsasında “Summit Entertainment” kinostudiyasında istehsal olunan dörd hissədən ibarət olacaq “Twilight”nin rejissoru Ketrin Xardvik, prodüserləri Vik Qodfri, Cemi Marşall, ssenari müəllifi Melissa Rozenberq, operatoru Elliot Devis, bəstəkarı Karter Barvelldir. Filmdə əsas rollarda dünyaca tanınmış aktyorlar Kristen Stüart, Robert Pattinson və Teylor Lotner çıxış edir. Triller - melodrama, eyni zamanda fantaziya janrında olan filmin bundan öncə təqdim olunan birinci hissəsi “Twilight - Saga”, ikinci hissəsi “Twilight - New moon”, üçüncü hissəsi “Twilight - Eclipse”dir. Filmin indiyədək nümayiş olunan iki hissəsi çoxsaylı mükafatlara layiq görülüb. Mükafatların əksəriyyətini filmdə vampir rolunu canlandıran Robert Pattinson qazanıb.