Klassik irs və maarifçilik ideyalarının müasir dövrdə təzahürü
İyunun 21-də Bakı Rəsm Qalereyasında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Molla Nəsrəddin” irsinin müasir dövrümüzdə təzahürləri” mövzusunda rəsm sərgisi açılıb. Tədbirdə “Miras”ın sədri Fariz Xəlilli, tanınmış rəssam Yusif Mirzə və başqaları çıxış edərək gənc rəssamları təbrik edib, onların istedadlarının üzə çıxarılmasında və təbliğ edilməsində təşkilatın fəaliyyətindən söhbət açıblar. Bildirilib ki, sərginin məqsədi “Molla Nəsrəddin” irsinin müasir dövrümüzdə təzahürlərini nümayiş etdirməkdir. Rəssamlar əsərlərində əsasən satira, yumor vasitəsilə yenilik, maarifçilik və müasirliyin sintezini göstərməyə çalışıblar.
Sərgidə Yaylagül Ramazanova, Sürəyya Abdullalı, Mərdan Məmmədov, Şahin Quliyev, Mətanət Ağazadə, Aydan Ağazadə, Kənan Məmmədov, Anar Pənahov, Anar Şəmsiyev, Mərdan Məmmədov, Qurban Oruclu və başqalarının “Molla Nəsrəddin” jurnalının işıqlandırdığı mövzulara həsr etdikləri 25 rəsm əsəri nümayiş olunur. Gənc rəssamların “Mövhumatçılar”, “Dava yorğan davasıdır”, “Molla düşünür”, “Molla Nəsrəddin” və müasirlik”, “Mollanın mülkü”, “Sabir və satiraları”, “Poçt qutusu”, “Axmaq kişi insanlığı asanmı sanırsan?” və s. əsərləri maraqla qarşılanıb. Sonda rəssamlara sertifikatlar təqdim olunub.