İyunun 30-da Muzey Mərkəzində Dövlət Film Fondunun təşkilatçılığı ilə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Valeri Kərimovun 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Muzeyin foyesində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi açılmışdı.
   
   Tədbiri açıq elan edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın yaradıcılıq tarixindən söz açdı. Tədbirdə sənətkarın dostları - operatorlar Rafiq Qəmbərov, Kənan Məmmədov, kinoşünas Aydın Kazımzadə Valeri Kərimovla bağlı xatirələrdən danışdılar.
   Qeyd olundu ki, V.Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. O, peşəkar kinooperator kimi 30-dək film çəkib. V.Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb. V.Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti vəzifələrində işləyib, ötən əsrin 60-cı illərinin sonunda Moskvaya gedərək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub.
   Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir. Elə həmin il operator “Ömrün səhifələri” kinoalmanaxında iki novellanı - “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”ni lentə alıb. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda ekran əsərləri var. Bunlara misal olaraq “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ailə”, “Sizi dünyalar qədər sevirdim”, “Bir ailəlik bağ evi”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. filmləri göstərmək olar.
   V.Kərimov özünü rejissorluq sahəsində də sınayıb və “Həmyerli” bədii filminə quruluş verib. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olmuş V.Kərimov bu sahədə də səmərəli iş aparıb.
   Mərasimdə Valeri Kərimovun zəngin yaradıcılıq təcrübəsindən, böyük insani keyfiyyətlərindən də danışılıb və onunla bağlı xatirələr yada salınıb. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinin dosenti Aqşin Dadaşov Valeri Kərimova həsr etdiyi musiqi kompozisiyasını pianoda ifa etdi.
   Tədbir Valeri Kərimovun oğlu Teymur Kərimovun atasına həsr etdiyi sənədli filmin nümayişi ilə yekunlaşdı.
   
   Yeganə