Ölkəmiz Moskvada beynəlxalq incəsənət festivalında təmsil olunacaq
   
   İyunun 26-dan 30-dək Moskvadakı Mərkəzi Rəssamlar Evində "Ənənə və müasirlik" VII Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. 
   Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondunun təşkilatçılığı ilə 2007-ci ildən ənənəvi olaraq keçirilən festivalda dünyanın 40 ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar iştirak edəcək.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi tanınmış rəssam, Dövlət Rəssamlıq Akademiyasının dosenti Namiq Məmmədov təmsil edəcək.
   Rəssam sərbəst yaradıcılıq fəaliyyətinə 1983-cü ildən başlayıb, həmin il "Yaradıcı gənclər həftəsi"ndə iştirak edib. Sonrakı illərdə bir sıra respublika və beynəlxalq sərgilərin iştirakçısı olub. 1996, 2000 və 2008-ci illərdə Bakıda, 1997 və 2004-cü illərdə Norveçin Oslo şəhərində, 2007-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə fərdi yaradıcılıq sərgiləri keçirilib. 2008-ci ildə TÜRKSOY-un “Rəssamlar görüşü”ndə Azərbaycanı təmsil edib. Əsərləri Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Fransa, Böyük Britaniya, Almaniya, Norveç, Türkiyə və İtaliyada şəxsi kolleksiyalarda saxlanılır.
   Qeyd edək ki, "Ənənə və müasirlik" festivalında 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə Əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə isə Rəşad Mehdiyev və Məryəm Ələkbərli ölkəmizi layiqincə təmsil edib, müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər.
   Festivalın beynəlxalq münsiflər heyətinə SSRİ, Rusiya və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov rəhbərlik edir. Qaliblər bürünc “Vera” heykəlciyi ilə təltif olunurlar.