«Apokalipsis» filmində bunu ifadə etməyə çalışmışam»
   
   Məşhur Amerika aktyoru Mel Gibson rejissorluq iddiasında olmasaydı, yəqin ki, onun dünya kinosunda sanballı mövqe tutması çətin olardı. Aktyor kimi rol aldığı filmlərdə ortabab səviyyədə obrazlar yaradan Mel Gibson özünün maraqlı, intellektual, çoxmənalı ictimai-siyası nüanslar daşıyan filmləriylə son dərəcə istedadlı rejissor olduğunu təsdiqlədi. Onun hər filmi təkcə kino tənqidçilərinin deyil, eyni zamanda alimlərin, din xadimlərinin ciddi polemikasına səbəb olur: şotlandların mübarizəsini əks etdirən və ingilisləri qıcıqlandıran «Cəsur ürək» epik dramı, Mayya sivilizasiyasından bəhs edən, imperialist siyasətə eyham vuran «Apokalipsis» dramı.
   
   Rejissorun ən çox səs-küy doğuran filmi isə dünya yəhudilərinin etirazına səbəb olan «İsanın əzabları» dramı idi. Bibliya motivlərini orijinalda olduğu kimi ekranlaşdıran rejissorun ustalığı ondadır ki, o, İsanın çarmıxa çəkilməsini, əzablarını elə natural təsvirlərlə verib ki, tamaşaçı istər-istəməz onun iztirablarını özü yaşamış kimi hiss edir, fiziki ağrı dəhşətli ruhi ağrıya çevrilir. Filmi seyr edən tamaşaçı nə zamansa etdiyi günahlarına görə iztirab çəkir, rejissor hər bir insana günahlarını dərketmə və mənəvi təmizlənmə aşılayır.
   Filmdə İsanın qətlinə bais olan yəhudilərin hədsiz dərəcədə mənfi boyalarla əksi Gibsona antisemit damğası vurdu. 2006-cı ildə Gibson sərxoş vəziyyətdə avtomobili idarə edərkən milliyətcə yəhudi olan polis tərəfindən yaxalanmış və bu zaman onun dediyi «Yer üzündəki bütün müharibələrə görə yəhudilər məsuliyyət daşıyır» fikrinə görə KİV və dünya yəhudiləri tərəfindən kəskin tənqidlərə məruz qalmışdı. Antisemit davranışına görə üzr istəyən Gibson depressiyaya düşdü və uzun müddət müsahibələr vermədi.
   Nəhayət, dörd il sonra Mel Gibson alman mətbuatına ilk müsahibəsini verib. Onun “Süddeutsche Zeitung” (“SZ”) qəzetinə verdiyi müsahibəsindən maraqlı məqamları diqqətinizə çatdırırıq:
   
   - Sizin çəkildiyinz yeni «Qisas» filminin adı Almaniyada «Qisas tapşırığı» kimi tərcümə olunub...
   - Məncə, çox əla tərcümədir. Qisas mövzusu əslində əbədi bir mövzudur. Bu mövzu yunan mifologiyasında, Şekspirdən tutmuş Dümaya qədər bir çox yazıçı-dramaturqun əsərlərində əks olunub. Yeni filmdə isə qisas tamamilə yeni bir müstəviyə gətirilib. Aktyorluq fəaliyyətimə 8 il ara vermişdim və çalışdım ki, uzun fasilədən sonra kamera qarşısında rolumu yaxşı oynayım. Düşünürəm ki, bu rol mənim imkanlarıma tamamilə uyğundur. Oynadığım digər obrazlardan fərqli olaraq, bu filmdə qızının qatilini axtaran ata obrazını instinktiv olaraq daha yaxşı başa düşürəm. Çünki vaxtilə Hamlet obrazını ifa etmişəm.
   - Siz uzun müddət depressiyadan əziyyət çəkmisiniz. Bu rolun sizə müsbət təsiri oldumu?
   - Yaşantılarımı analiz etməməyə çalışıram... İçimdəki qorxularımdan narahatam, bu qorxularla tez-tez üz-üzə qalıram. Nə üçün uşaqlar pərilər, xeyirxahlıq haqqında nağıllara deyil, bədheybətlər, monstrlar haqda əhvalatlara üstünlük verirlər? Çünki onlar daim öz qorxuları ilə mübarizə aparırlar. Bunu əks etdirən çoxlu filmlər var. Mən də həmçinin içimdə hansısa qorxu hisslərini daşıyıram və bəzən onlar mənə əzab verir, üstümə hücum çəkir. Məsələn, «Apokalipsis» filmində bunu ifadə etməyə çalışmışam. Bu filmdə mən əslində öz daxilimdəki qorxu hisslərimlə üz-üzə dayanmışam.
   - Dörd il əvvəl antisemit çıxışınıza görə tənqidlərə məruz qaldınız, o zaman mətbuat və televiziya sizi çox qınadı. Bunu necə yaşadınız?
   - Mənim əleyhimə yazılanları, deyilənləri var-qüvvəmlə dəf etdim, müdafiə olundum. Çünki bütün baş verənlərdə fayda gömrürəm. 30 ildir ki, kütləvi informasiya vasitələrinin iş mexanizminə bələdəm və təəccüblənirəm ki, bu cür jurnalistika insanların diqqətini dünyanın əsl problemlərindən necə yayındırır.
   - Siz düşünürsüz ki, KİV tərəfindən yanlış anlaşılmısınız?
   - Əslində bu bir mübarizədir, amma belə mübarizəni əsla qəbul etmirəm, çünki onu udmağı bacarmıram. Kimsə mühafizəkar bir respublikaçı kimi mənim düşmən obrazımı yaratmaqda maraqlıdır, bu məni narahat edir, hərçənd, mən heç zaman siyasi məsələlərdə fəal olmamışam.
   - Siz anlamırsınız ki, fikirlərinizə görə dərin inamsızlıqla üz-üzə qalmısız?
   - Axı daha nə etməliyəm? Polis idarəsində məndən alınan ifadələr şişirdilib. Bu həmin gün idi ki, İsrail Livana soxulmuşdu və sərxoş başımda bununla bağlı səfeh şərhlər dolaşırdı. Birisigün qəzetlərdə polislə insidentimi oxuyanda düşündüyüm ilk şey bu oldu: lənət şeytana, mən təəssüf edirəm. O vaxtdan bir neçə dəfə telekanallarda bu hadisəyə görə üzr istəmişəm. Siz istəyirsiz mən yenə üzr istəyim?
   - Siz vikinqlər haqda film çəkməyə hazırlaşırsız. Yeni filminizdən nə gözləməliyik?
   - Detallar haqda daınşmaq hələ çox tezdir, təbii ki, ideya çox cəzbedicidir, çünki mənim hələ heç zaman şimal döyüşçüləri haqda hərəkətli, sanballı filmim olmayıb. Filmin ssenarisini «Dönüklər» trillerinin ssenari müəllifi Uilyam Monahan yazır. Düşünürəm ki, filmdə vacib məqamları əks etdirəcəyik, çünki Monahan güclü dialoqları sevir, mən isə tarixi geniş ölçüdə, yüksək vizual səviyyədə göstərmək istəyirəm. Kino tarixində bu dövr haqda yaxşı film çəkilməyib. Amma biz maraqlı süjet düşünmüşük.
   
   Sevda Əliəşrəfqızı