Fransanın “İncəsənət” jurnalı gənc azərbaycanlı rəssamın yaradıcılığından bəhs edib
   
   Hər nömrəsi tələbkar fransız oxucuları tərəfindən böyük maraqla qarşılanan “İncəsənət” (“Beaux arts”) jurnalının əsası 1983-cü ildə qoyulub. Nəşrdə qədim və müasir incəsənət əsərləri, dünyanın tanınmış rəssamları və onların yaradıcılığı, rəsm əsərlərindən ibarət sərgilər haqqında yazılara, sənətşünasların ayrı-ayrı rəsmlər barədə fikirlərinə geniş yer verilir.
   
   Jurnalın 351-ci sayında 22 yaşlı gənc istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığından bəhs etməsi təsadüfi deyil. 2011-ci ildə UNESCO xətti ilə Parisdə ayrıca sərgisi təşkil olunan, müxtəlif vaxtlarda keçirilən sərgilərdə əsərləri nümayiş etdirilən Məryəmi dünyanın mədəniyyət beşiyi hesab olunan Fransada yaxşı tanıyırlar. Rəssamlar və incəsənət mütəxəssisləri onun əsərlərini yüksək qiymətləndirirlər.
   Fransanın dekorativ incəsənət məktəbində sərbəst müdavim kimi təhsilini davam etdirən gənc rəssam Məryəmin öz rənglər dünyası var. Məryəm bu dünyasına öz gözü ilə baxır və yaxın duyduğu, ürəyinə yatan mövzuları seçərək sehrli fırçası ilə müxtəlif rəngli boyalarla ağ kətana köçürür. Jurnalda gənc rəssamın yaradıcılığından bəhs edən yazı da “Məryəmin gözləri ilə” adlanır.
   Məqalədə qeyd olunur ki, azərbaycanlı rəssamın Qogeni yada salan al-əlvan peyzajları, Pikassonun sərbəst fırçasını xatırladan, bir qədər təhrif olunmuş portretləri barədə saatlarla danışmaq olar. Bildirilir ki, 22 yaşlı Məryəm Ələkbərlinin əsərləri sentyabrın birinci həftəsində Dovildə (Amerika) sərgilənəcək. Sərgi Məryəmin səmimiliyindən və istedadından riqqətə gəlmiş Jülyet Binoşun himayəsi altında təşkil edilir. “Hotel Normandy” və “Hotel Royal”ın divarları arasında təşkil ediləcək sərgidə Məryəmin son üç il ərzində yaradıcılıq məkanı kimi seçdiyi Parisdə yaratdığı əsərlərin təxminən 70-i nümayiş etdiriləcək.
   Yazıda Məryəmin çoxşaxəli yaradıcılığından söz açılır. Qeyd olunur ki, Daun sindromundan əziyyət çəkən xanım hər şeydən əvvəl azad sənətkardır. Rəsm sənətinin bütün formalarında (quaş, pastel, akril, kömür) yaratdığı əsərlər onun həyatının ayrılmaz hissəsinə çevrilib: “Onun bizə bəxş etdiyi sevinc və gözəlliklərlə dolu dünya belə bir ümid verir: Məryəmin gözləri ilə dünyaya baxaraq yaşamaq necə gözəldir!”
   Qeyd olunur ki, Məryəmin 8 yaşı olanda o, yevritmiya rəqsi ilə məşğul olmağa başlayıb. Rəqsin bu növündə musiqi və sözlər notlara və səslərə uyğun olaraq xüsusi bədən hərəkətləri ilə ifadə olunur. Bizeni və onun Karmenini çox xoşlayan Məryəm musiqiyə marağını hələ də qoruyub saxlayır. Lakin onun emosiyalarına çox diqqətlə yanaşan ailə üzvləri tezliklə hiss edirlər ki, Məryəm təsviri sənəti daha dərindən duyur. Onu məktəbə göndərirlər. Liseydən əvvəl Moskvada təhsil alır.
   Bir qədər böyüyəndən sonra xüsusi müəllimlərin nəzarəti altında rəsm çəkməklə məşğul olan Məryəm Parisə səyahət edir və bu şəhərə vurulur. Luvr və Orsey muzeylərinin zallarında olur, vaxtilə kitablardan tanış olduğu ən böyük rəssamların əsərlərini nəhayət burada görür.
   2010-cu ildə Bakı Rəsm Qalereyasında Məryəmin “Mənim möcüzəli dünyam” adlı ilk sərgisi uğurla keçir. Sonra onun yaradıcılığına həsr edilmiş kitab bir sıra dillərə tərcümə olunaraq nəşr edilir. Beynəlxalq aləmdə tanınmış incəsənət tənqidçiləri Məryəmin yaradıcılığı ilə maraqlanırlar. 2011-ci ildə onun əsərləri UNESCO xətti ilə Parisdə nümayiş etdirilir.
   Məryəmin müəllimlərindən biri Lyuk deyir: “Məryəm rəqs edəndə də, rəsm çəkəndə də bundan o qədər həzz alır, özünü o qədər xoşbəxt hiss edir ki, mən heç vaxt belə şey görməmişəm”.
   Məqalə bu sözlərlə bitir: “Oz şöhrət zirvəsinə istedadı və zəhmətsevərliyi sayəsində inadla ucalan 22 yaşlı Məryəmin həyat kitabçasına neçə-neçə biri-birindən maraqlı, dolğun yaradıcılıq səhifələri yazılacaqdır. Ona bu yolda uğurlar arzulayırıq”.