Təəssüf ki, bu suala birmənalı cavab vermək mümkün deyil
      
   Piratçılıq problemi bütün zamanlarda mövcud olub və bununla mübarizə hələ də davam edir. Hər gün minlərlə audio, video məhsullarının müəllif hüquqları piratçılar tərəfindən pozulur. Hazır məhsulu (film, kompyuter proqramları, oyunları və s.) internetdən, yaxud kinoteatrlarda film nümayişi zamanı həvəskar çəkilişi edərək keyfiyyət göstəricisi hədsiz dərəcədə aşağı olan disklərə köçürüb satışa çıxaran piratçılar bundan külli miqdarda gəlir əldə edirlər.
   
   Müəllif hüquqlarının pozulması ilə yanaşı, bu və digər ölkənin əqli mülkiyyətinin inkişafına, imicinə böyük zərər vuran piratçılıq həm də iqtisadiyyatın inkişafına maneələr törədir. Metroların qarşısında, köşklərdə, mağazalarda belə qanunsuz pirat disklərin satışı hər gün rastlaşdığımız mənzərədir. Problemin həlli yolu isə təkcə hüquq müstəvisində tətbiq edilən sərt qərarlarla yanaşı, alıcıların özlərindən də asılıdır. Çünki ucuz qiymətə pirat məhsulu alan hər kəs onlardan istifadə etməklə nəticə etibarilə özlərinə və işlətdikəri audio-video texnikaya zərər vururlar.
   Mövzu əhatəli olduğundan payxatımızın bir sıra mağazalarına baş çəkib bu sahədə vəziyyətlə maraqlandım. Mağazalarda orijinal disklər 10-20 manat dəyərində olduğu halda pirat disklər 2-3 manata, hətta 1 manata satılır. Neçə müddət idi ki, metronun «20 Yanvar» stansiyasının çıxışında pirat disklər satıcısını müşahidə edirdim. Bir gün satıcıya yaxınlaşıb alıcı kimi disklərin qiyməti ilə maraqlandım. Satıcı DVD-lərin 1 manat 50 qəpiyə olduğunu dedi. “Bilirsinizmi ki, bu disklərin satışı qanunaziddir və buna görə sizi yüksək məbləğdə cərimə edə bilərlər?” sualına cavabında isə satıcı üzündə arxayın təbəssümlə “Bu disklər orijinaldır” deyə bildirdi. Sonra isə mənim disk alıcısı olmadığımı hiss edib üzünü yana çevirərək “Kurtlar vadisi pusu» - 1 manat 50 qəpiyə” deyə müştəri səsləməyə başladı.
   Metronun «N. Nərimanov» stansiyasının çıxışında pirat disklərin satışı ilə məşğul olan ərazidə bir neçə alıcı ilə söhbət etdim. Alıcıların əksəriyyəti gənclər, tələbələr və azyaşlı uşaqlardır ki, onlar da kompyuter oyunları üçün belə disklərə müraciət edirlər. Onların əksəriyyəti orijinal disklərin baha olmasından şikayətlənərək piratçılıqla mübarizənin mənasız olduğunu vurğuladılar.
   Problemə hüquqi aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Xudayət Həsənovla əlaqə saxlayıb onun fikirlərini də öyrəndik.
   O, piratçılıqla mübarizənin Müəllif Hüquqları Agentliyinin həyata keçirdiyi tədbirlər çərçivəsində prioritet yer tutduğunu bildirdi:
   - Ölkədə piratçılığın səviyyəsinin kifayət qədər aşağı düşməsi üçün Müəllif Hüquqları Agentliyi müvafiq dövlət orqanları ilə, xüsusilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tədbirlər həyata keçirir. Piratlarla mübarizənin daha effektli nəticə verməsi istifadəçilərdə, müəlliflərdə, bütövlükdə cəmiyyətdə mülkiyyət mədəniyyətinin yüksək olmasından, müəllif hüququna hörmətlə yanaşmadan çox asılıdır. Bu məqsədlə Müəllif Hüquqları Agentliyində ictimaiyyətlə əlaqə saxlamaq üçün «qaynar xətt» fəaliyyət göstərir. Bu «qaynar xətt»ə müraciət edən hər bir müəllif onu maraqlandıran məsələlərlə bağlı suallara cavab tapa bilər. Əgər onun problemləri agentliyin səlahiyyətləri çərçivəsindədirsə, biz onu operativ şəkildə araşdırır və müvafiq tədbirlər görürük. Əgər bizim səlahiyyətimizdən kənardırsa, agentlik müraciəti rəsmiləşdirərək müvafiq dövlət qurumlarına göndərir.
   Agentlik tərəfindən əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında qanun layihəsi hazırlanıb və çox güman ki, yaxın zamanda parlamentdə qəbul olunacaq. Bu qanun qəbul edildikdən sonra piratçılıq hallarının kökünün kəsilməsi üçün hər bir audio, video məhsula, kitab nüsxələrinə xüsusi nəzarət markaları yapışdırılacaqdır. Markalar xüsusi ardıcıl nömrələrlə olacaqdır ki, bu nəzarət markalarını da sıradan çıxarmaq, məhv etmək yaxud təkrar istifadə etmək mümkün olmayacaq. Əgər üzərində həmin nəzarət markaları yoxdursa demək həmin məhsulun satışı qadağandır. Müəllif Hüquqları Agentliyinin diqqət yetirdiyi əsas məsələlərdən biri də hüquqi maarifləndirmədir. Keçən il agentlik tərəfindən Bakıda beynəlxalq ekspertlərin, Avropa Komissiyasının təmsilçilərinin iştirakı ilə piratçılıqla mübarizəyə dair bir neçə tədbir keçirilib”.
   Əvvəl də qeyd etdiyimiz kimi hər zaman mövcud olan piratçılıq problemi artıq Qərbdə bir o qədər də aktual deyil. ABŞ, Fransa, Britaniya, Almaniya və s. bu kimi ölkələr nə az - nə çox, düz 20 illik mübarizədən sonra piratçılıqla mübarizədə qalib sayıla bilərlər. Belə ki, Qərb ölkələrində başqasının əməyi üzərində pirat biznesi qurmağı ilk növbədə mənəviyyata zidd addım hesab edirlər. Bu gün Avropada bu hallar o qədər də tez-tez baş vermədiyindən piratçılıq problemi günün əhəmiyyətli mövzusu sayılmır. Ən əsası isə, lisenziyalı DVD, CD disklərinin qiyməti ucuz olduğu üçün hər bir sadə vətəndaş onu almaq imkanına malikdir. Lakin qonşu Rusiyada bu problem daha aktualdır. Bu ölkədə qanunsuz pirat disklərinin illik dövriyyəsi 1 milyard dollardan çoxdur. Baxmayaraq ki, Rusiya qanunlarına görə, pirat disklərinin dövriyyəsi ilə məşğul olan şəxslər 5-6 il müddətində azadlıqdan məhrum edilə bilər.
   Azərbaycanda isə bu cəza bir qədər yumşaq şəkildə tətbiq edilir. Belə ki, piratçılıqla məşğul olan hər bir kəs Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəllif hüquqlarının pozulmasına görə 240 saat ictimai işlərə cəlb oluna, yaxud 100 manatdan 500 manatadək cərimə oluna bilər. Bu hallar təkrar bir qrup tərəfindən, yaxud mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilərsə bu zaman 550-dən 1000 manatadək cərimə tətbiq oluna bilər.
   Toxunduğumuz mövzu sadə vətəndaşlara əhəmiyyətsiz də görünə bilər. Lakin alıcılar pirat diskləri alarkən müəllif hüququnu pozmaqla özlərinin də cinayət tərkibli addım atdıqlarını unutmamalıdırlar. Nəhayət, bu cür ucuz və keyfiyyətsiz disklər insan sağlamlığına da ziyandır.
   Qəribə səslənsə də, Amerikada ailədə uşağı kiçik yaşlarından pirat disklərə qarşı maarifləndirir, belə biznesin zərərli olduğu fikrini aşılayırlar. Bu onların pirat disklərə qarşı olan əvəzsiz mübarizə üsuludur. Ümid edirik ki, müəllif yaradıcılığına hörmət etməyi bacaran hər bir kəs belə qanun pozuntularına yol verməyəcək.
   
   Yeganə Cansail