Fransada gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb
Fransanın Kalvodos regionunun Aşağı Normandiya departamentində, La Manş sahilində yerləşən Dovil şəhəri beynəlxalq sərgilərə və festivallara ev sahibliyi etməsi ilə məşhurdur. Ona görə də Amerika filmləri festivalı təşkilat komitəsinin və “Lüsyen Barryer” qrupunun təşkilatçılığı ilə gənc istedadlı Azərbaycan rəssamı Məryəm Ələkbərlinin fərdi sərgisinin bu şəhərdə keçirilməsi təsadüfi deyil.
Fransanın məşhur aktrisası Jülyet Binoşun himayədarlığı ilə sentyabrın 5-də Dovilin “Royal Barryer” və “Normandi Barryer” hotellərində təşkil edilən sərgi sakinlərin, şəhərin qonaqlarının böyük marağına səbəb olub. Sərgidə Məryəmin 81 rəsmi nümayiş olunur.
“Royal Barryer” hotelində keçirilən açılış mərasimində çıxış edən “Lüsyen Barryer” qrupunun nümayəndəsi Loran Russan gənc azərbaycanlı rəssamın əsərlərindən ibarət sərginin 39-cu Amerika kino festivalının keçirildiyi bir vaxta təsadüf etdiyini diqqətə çatdırıb, bu əsərlərin əsas qayəsindən söhbət açıb, adlı-sanlı rəssamların Məryəmin işlərini yüksək qiymətləndirdiyini deyib. Bildirilib ki, əsərlərdə ecazkar təbiətin təsviri gənc rəssamın təbiətə vurğunluğundan xəbər verir.
Rəssam qəlbinin aynası
Azərbaycanın Xalq rəssamı, Fransa və İspaniya İncəsənət Akademiyasının üzvü, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Məryəmin əsərləri ilə çoxdan tanış olduğunu, özünəməxsus yaradıcılığın məhsulu olan bu rəsmlərdən ibarət sərginin Fransada təşkil edilməsindən məmnunluq hissi keçirdiyini vurğulayıb. Tahir Salahov gənc rəssamın müxtəlif vaxtlarda İtaliyada, Rusiyada və digər ölkələrdə nümayiş etdirilən sərgilərinin tamaşaçılarda maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Məryəmin əsərlərində dünyaya özünəməxsus baxışın olduğu aydın hiss edilir: “Bu baxışdan irəli gələn dünyagörüşü rəssamın yaradıcılığında ifadə olunur, onun qəlbinin aynasıdır. Bu aynadan Məryəmin yaradıcılıq iradəsi, istedadı və bacarığı görünür”.
Sənətdə orijinal yol tutan, dünyanın rənglərini ağ kətana köçürən istedadlı rəssamın əsərlərinin əsas qayəsini təbiət təsvirləri, qadın portretləri və natürmortlar təşkil etdiyini deyən korifey sənətkar Məryəmin sənətinin gələcəkdə ona daha böyük uğurlar qazandıracağına əminliyini bildirib.
Sərgi barədə danışan Dovil şəhərinin meri Filip Ojie deyib: “Hesab edirəm ki, Məryəm Ələkbərlinin rəsmləri həqiqi bir üslubdur. Bunu mənə gördüklərim deyir. Əlbəttə, hər bir rəssamı xarakterizə edən də onun üslubudur. Həmişə deyirlər ki, bugünkü rəssamlar keçmişdə yaşamış rəssamların davamçılarıdır. Məryəmin əsərlərinə bu nöqteyi-nəzərdən qiymət verir və ona yaradıcılıq uğurları arzulayıram”.
Sərginin iştirakçısı Jak Kronje Məryəm haqqında təəssüratını belə ifadə edib: “Mən bəstəboy gənc qızın yaratdığı rəsm əsərlərinə, sözün əsl mənasında, valeh oldum. Yaşının az olmasına baxmayaraq, onun bu qədər əsər yaratması, xüsusilə təbiət təsvirləri diqqətimi daha çox cəlb etdi. Özünəməxsus orijinal üslubu olan rəssamın təbiət təsvirlərində rəng seçimi onun peşəkarlığından xəbər verir. Hiss olunur ki, onun öz rəsm dünyası var və bu dünyanı olduğu kimi dərk edərək ağ kətana köçürür. Azərbaycanın bu istedadlı gənc rəssamına yeni yaradıcılıq uğurları diləyirəm”.
Tədbir iştirakçılarına Məryəmin dünyanın tanınmış incəsənət xadimləri ilə görüşlərindən və yaradıcılığından bəhs edən albom paylanılıb, gənc rəssamın sərgisi barədə videoçarx nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, bələdiyyə idarəsinin rəsmiləri, tanınmış aktyorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Məryəmin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Sonda Azərbaycan incəsənət ustalarının ifasında musiqi səslənib.
Fransa kütləvi informasiya vasitələri azərbaycanlı rəssamın sərgisindən bəhs edib
Məryəm Ələkbərlinin Fransanın Dovil şəhərində təşkil edilən sərgisi yerli mediada da geniş işıqlandırılıb.
“Franse-3” televiziya kanalının sentyabrın 7-də yayımlanan verilişində 22 yaşlı Məryəmin uşaqlıqdan rəssamlığa böyük həvəs göstərdiyi, sehrkar fırçanın məhsulu olan ilk rəsm əsərlərinin onun gələcəkdə püxtələşərək istedadlı rəssam olacağından xəbər verdiyi xüsusi vurğulanıb. Yaradıcılığında təbiət təsvirlərinə, portret janrına və natürmortlara daha çox yer verən rəssamın Rusiyada, İtaliyada və Türkiyədə fərdi sərgilərinin təşkil olunduğu, müxtəlif vaxtlarda Fransada keçirilən sərgilərdə Məryəmin rəsmlərinin də nümayiş etdirildiyi, dünyanın tanınmış rəssamlarının onun yaradıcılığına yüksək qiymət verdikləri diqqətə çatdırılıb.
Verilişdə sərginin təşkilatçılarından biri olan “Lüsyen Barryer” qrupunun məsul nümayəndəsi və festivalın təşkilat komitəsinin üzvü Rolan Rusanın Məryəmin yaradıcılığı barədə fikirlərinə xüsusi yer ayrılıb. R.Rusan gənc rəssamın ecazkar fırçasının məhsulu olan əsərlərdə Azərbaycan təbiətinin gözəlliklərinin tərənnüm etdirildiyini vurğulayıb. Verilişdə Məryəmin ayrı-ayrı rəsm əsərləri barədə məlumat verilib.
Parisdə gündəlik nəşr olunan “L’ Express” qəzetinin 7 sentyabr nömrəsində “Məryəm Ələkbərlinin Dovildə sərgisi nümayiş etdirilir” sərlövhəli məqalə dərc olunub. Məqalədə Amerika filmləri festivalı çərçivəsində 22 yaşlı istedadlı gənc azərbaycanlı rəssamın rəsm əsərlərindən ibarət fərdi sərgisinin müvəffəqiyyətlə nümayiş olunduğu, sərginin açılışında tanınmış sənətkarların, məşhur kinoaktyorların iştirak etdiyi bildirilib. Məqalədə gənc rəssamın əsərlərinin müxtəlif ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirildiyi xüsusi qeyd olunub. Qəzetdə Məryəmin 9 rəsm əsərinin fotosu da verilib.