Məşhur bir mahnıda deyildiyi kimi, “Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya bilsən”... Gözəlliyi duyan insanlar çox olsa da, onu yaradanlar seçilmiş insanlar sayılır. Onlar Tanrının bəxş etdiyi istedadı layiqincə dəyərləndirib tarixdə iz qoyurlar. İstedadlı sənətkar, Xalq rəssamı Oqtay Şıxəliyev də özünü rənglərin harmoniyasında taparaq, ömrünü qurub-yaratmağa həsr etmişdi.
Oqtay Yusif oğlu Şıxəliyev 1931-ci ildə Bakıda anadan olub. 1952-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra V.İ.Muxina adına Leninqrad Ali Bədii Sənaye Məktəbinə qəbul olunub, sevdiyi sənətin bədii-texniki incəliklərini öyrənir. Vətənə qayıtdıqdan sonra Rəssamlar İttifaqına üzv qəbul edilir. Rəssamın 1957-ci ildə gənclərin ümumittifaq sərgi-festivalında dekorativ sənət üzrə birinci mükafata layiq görülməsi onun yaradıcılıq yolunda inamla addımlamasına təkan verir.
Kamil sənət nümunələri
Özünü bu sənətin parçası hesab edən Oqtay Şıxəliyev monumentalist rəssam kimi tanınır, bir çox bina və tikililərin eksteryer və interyerində maraqlı kompozisiyalara imza atır. Bu kompozisiyalarda milli və müasir tərtibat elementləri sintez təşkil edərək insanların zövqünü oxşayır. Yaratdığı əsərlərdə folklor nümunələri, parlaq rənglərin əlvan çalarları tamaşaçıda xüsusi bir əhval yaradır. Rəssamın monumental yaradıcılıq nümunələri paytaxtımızın hüsnünə yeni çalarlar bəxş edib. Bakı Dövlət Sirkinin foyesindəki monumental kompozisiya, “Azərbaycan” nəşriyyatı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin binası və başqa ünvanlardakı işləri ideya-estetik cəhətdən kamil sənət nümunələridir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin fasadındakı kompozisiya sənətkardan yadigar qalan möhtəşəm sənət əsəridir. Rəssam burada daha çox milli adət-ənənələrimizə, folklordan gələn elementlərə üstünlük verib.
Sənətkarın yaradıcılığını nəzərdən keçirərkən onu da dəqiqləşdirdik ki, bir çoxlarımızda xoş xatirələrlə yadda qalan keçmiş “Uşaq aləmi” universal mağazasının bədii tərtibatçılarından biri Oqtay Şıxəliyevdir. Rəssam bu bədii tərtibatı Hüseyn Rəcəbovla birlikdə işləmişdi. Bu məkanın üç böyük daxili divarı uşaqların həyatından götürülmüş müxtəlif süjetli rəsmlərlə bəzədilmiş, “Qoy həmişə günəş olsun” sülh ideyasının təsviri verilmişdi. Müəlliflər ayrı-ayrı kompozisiyaların məzmununu sanki “uşaq dili” ilə açmışdı. Bəlkə elə bu səbəbdən o kompozisiyaya baxmaqdan doymazdıq.
Monumental kompozisiyalarda milli ornamentlər
Oqtay Şıxəliyevin yaradıcılıq fəlsəfəsi haqqında sənətşünas Əsəd Quliyev belə yazır: “Monumental rəssamlıq sintetik sənətdir. Rəssam yaradacağı kompozisiyanı memarın yaradıcılıq imkanlarını və məkanın özəlliklərini nəzərə almaqla sonda tikilini tamamlayacaq ahəngdar əsərin yaradılmasına nail olmalıdır. Oqtay Şıxəliyev öz yaradıcılığında milli və müasir monumental rəssamlıq ənənələrinin sintezini peşəkarlıqla əlaqələndirmişdir. Rəssamın yaradıcılığının əsas mərhələsinin sovet dövrünə təsadüf etməsi və həmin dövrün bədii-estetik prinsiplərini özündə əks etdirməsi reallıqdır. Lakin buna baxmayaraq, rəssam həmişə yaradıcılığında milli ənənələrdən yüksək ustalıqla istifadə etmişdir. Bu cəhətləri istər mövzu, istərsə də bədii işlənilmə xüsusiyyətlərində, əsərlərin süjet, kolorit və bədii şərhində müşahidə etmək olar”.
Buna nümunə kimi Oqtay Şıxəliyevin vaxtilə “Qarabağ” mehmanxanasının bədii tərtibatında yaratdığı kompozisiyaları qeyd edə bilərik. Rəssam xalqımızın etnoqrafik elementlərindən qaynaqlanaraq tamaşaçıda xüsusi bədii zövq yaradan formalardan istifadə etmiş, rəng həllində isə daha çox “isti” boyalara üstünlük vermişdi.
70-ci illərdə Bakının simasının dəyişilməsində dekorativ-monumental sənətin mühüm rolu olmuşdur. Bu illərdə Oqtay Şıxəliyevin yaratdığı nümunələrdə milli elementlər üstünlük təşkil edirdi. Rəssam əsərlərində şəbəkə, divar rəsmləri, mis üzərində döymə, orta əsr miniatürləri, xalça sənəti və ornamentləri, memarlıq detallarından istifadə edirdi. 1971-ci ildə tikilmiş respublika “Ovçular evi”nin tərtibatı bu cəhətdən səciyyəvi idi. Oqtay Şıxəliyev və Hüseyn Rəcəbov birgə işlədikləri bu tərtibatı Azərbaycanın canlı təbiətinə həsr etmişlər.
Dostlar yad edər səni
Xalq rəssamı Arif Hüseynov Oqtay Şıxəliyevi minnətdarlıqla xatırladı, Azərbaycan təsviri sənətinə verdiyi töhfələri yüksək qiymətləndirdi: “Oqtay haqqında danışmaq, xatirələri bölüşmək mənə xoşdur. Çünki Azərbaycan təsviri sənətində onun çox böyük əməyi və rolu var. O, monumental sahədə böyük işlər gördü və özündən sonra qiymətli əsərlər qoyub getdi. Xüsusilə Bakı şəhərində yaratdığı mozaik pannolar onun yaradıcılığının əsasını təşkil edir. Şəxsən mən özüm bu binaların qarşısından keçərək hər zaman onu yad edir, ruhuna rəhmət oxuyuram. Amma onu da deyim ki, bəzən rəssamlarımızın ağır zəhmət hesabına ərsəyə gətirdikləri və şəhərimizə xüsusi gözəllik verən, tamaşaçıların mənəvi-estetik zövqlərini oxşayan bədii əsərlər naşılıqdanmı, yaxud hansı səbəbdənsə sıradan çıxarılır. Oqtay Şıxəliyevin keçmiş “İnturist” mehmanxanasının həyətində yaratdığı əsəri qorumaq olardı. Onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasındakı pedaqoji fəaliyyəti gözlərimin önündədir. Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri olarkən Azərbaycan rəssamlığının bu sahəsində dəyərli işlər görmüşdü. Hesab edirəm ki, monumental rəngkarlığın inkişafında Oqtayın çox böyük zəhmətləri olmuşdur. Biz dostları onun xatirəsini bir şəxsiyyət kimi həmişə ehtiramla anırıq”.
Xalq rəssamı Altay Hacıyev: “Biz fərqli janrlarda işləyirdik. Mən qrafika, Oqtay isə monumental əsərlər yaradırdı. Rəssamlar İttifaqında tez-tez görüşərdik. Bütün insanlarla xoş münasibətdə idi. Onun qrafika janrında yaratdığı əsərlər də maraqla qarşılanırdı. Bir çox sərgilərdə birlikdə əsərlərimiz nümayiş olunub. İstedadlı insan idi. Onun “Tarlaya gedərkən” adlı əsərinin maraqlı ideyası vardı, bu əsər onun rəsmləri içərisində məşhur idi. Yəqin ki, şəhərimizdəki bir çox binalarında onun monumental nümunələrinin yer aldığından xəbəriniz var. Onun mozaikaları xarici mütəxəssislər tərəfindən də çox bəyənilirdi. Oqtay mülayim insan idi. Mənim monumental sahəyə həvəsimin olduğunu görüb, kömək etdi ki, o dövrdə Sabunçu və Suraxanı ərazisində inşa edilən iaşə obyektlərinin fasad tərtibatında da özümü sınayım. Hər iki iaşə müəssisəsinə verdiyim tərtibat bəyənildi”.
Gələcək nəsillərə ərməğan
Mərhum sənətkar yüksək estetik dəyərə malik bədii yaradıcılığı ilə yanaşı, bu sahədə qazandığı biliyi, təcrübəni gənc nəslə sevə-sevə öyrədirdi. O, 1963-1967-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, 1967-ci ildən isə Azərbaycan Teatr İnstitutunda çalışmışdır. 1983-cü ildən Azərbaycan Dövlət İncəsənət Universitetinin rəsm kafedrasının dosenti, 1993-cü ildən kafedranın professoru olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsm kafedrasında fəaliyyətə başlamış, 2011-ci ildən kafedranın professoru vəzifəsində çalışmışdır. O, 1982-ci ildə respublikanın Əməkdar rəssamı, 1992-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Onun sənətin sirlərini öyrətdiyi rəssamlar içərisində yüksək fəxri adlara layiq görülmüş sənətkarlar da az deyil.
Oqtay Şıxəliyev dəzgah rəngkarlığının müxtəlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Ancaq sülh” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980), “Muğam” (1982) və s. əsərləri rəssamın tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir. Portret və mənzərə janrında yaratdığı “Mənim qaracam” (1970), “Tarzən Bəhram Mansurov” (1972), “Rəssam Rasim Babayev” (1975), “Xalq artisti Mirzəağa Əliyev” (1974), “Nigar” (1975), “Rəssamın ailəsi” (1976), “Qobustan daşları” (1966), “Sumqayıt boruları” (1970), “Meksika həyəti” (1982), “Aydın səma” (1974) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir. Özündən sonra təsviri sənətimizdə, paytaxtımızın bina və tikililərində zəngin bir irs qoyan Oqtay Şıxəliyev 2012-ci ildə, 81 yaşında vəfat etmişdir.
Lalə Azəri