Sayt kukla sənəti ilə məşğul olanlara peşəkarlıqlarını artırmağa, işlərini dünyanın ən yaxşı sərgi salonlarında təqdim etməyə imkan yaradacaq

Noyabrın 8-də Muzey Mərkəzində “Kukla” art qalereyasının saytının təqdimatı keçirildi. Mərasimdə çıxış edən qalereyanın rəhbəri Lalə Kazımova bildirdi ki, Azərbaycanda və Cənubi Qafqazda ilk “Kukla” art qalereyası 2013-cü il aprelin 23-də Bakıda açılıb.

Qeyd olundu ki, ölkəmizdə kukla sənəti ötən əsrin 80-ci illərindən inkişaf etməyə başlayıb: “Amma çoxları bundan xəbərsiz idi və kuklanı dekorativ əmtəə kimi qəbul edirdilər. Sənət nümunəsi kimi az adam bu işlə maraqlanırdı. Hazırda bizim məqsədimiz budur ki, bu sənəti daha geniş şəkildə təbliğ edək. Bu səbəbdən də bizim qalereya fəaliyyətə başladı. Kukla sənəti çox incə bir sənətdir. İstəyimiz budur ki, qalereyaya gələnlər bu sənət nümunələrindən zövq alsınlar”.
Bildirildi ki, “Kukla” art qalereyası bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin sakinləri və qonaqları üçün maraqlı və cazibədar məkana çevrilməkdədir. Qalereyada müxtəlif üslubda və müxtəlif məktəbin nümayəndələrinin əl işləri toplanıb: “Əsasən öz sənətkarlarımızın, Pərviz Hüseynov, İrina Qundorina, Elmira Abbaslı, Tamilla Qurbanovanın və gənc nəslin nümayəndələri olan kukla ustalarının əl işlərini təqdim edirik. Qalereyanın fəaliyyətinə bu sahədə müxtəlif tədbirlərin, beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının əsərlərinin ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin təşkili daxildir. Fəaliyyətə başladığımız az müddət ərzində belə qərara gəldik ki, qalereyanın saytını açaq. Çünki sayt vasitəsilə bu sənətlə məşğul olanlara daha çox bilgi vermiş olarıq. İnternet vasitəsilə hər kəs bizim qalereya ilə tanış ola bilər. Bu, kukla sənəti ilə məşğul olanlara peşəkarlıqlarını artırmağa, işlərini dünyanın ən yaxşı sərgi salonlarında layiqincə təqdim etməyə imkan yaradacaqdır”.
Daha sonra “Kukla” art qalereyasının www.artkukla.az saytı təqdim edildi, ayrı-ayrı bölmələr haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanan sayt “Əsas”, “Qalereya”, “Müəlliflər”, “Ekspozisiya”, “Xəbərlər”, “Mətbuat”, “Əlaqə” bölmələrindən ibarətdir. Saytı “Facebook” və “Youtube” sosial şəbəkələrində də izləmək mümkündür.
Saytda art qalereya haqqında geniş məlumat, kukla ustaları və onların yaradıcılıq yenilikləri, ekspozisiya haqqında məlumatlar öz əksini tapıb. İstifadəçilər saytın köməkliyi ilə qalereyanın açılış mərasimini də video slayd vasitəsilə izləyə bilərlər.
Təqdimat başa çatdıqdan sonra Kukla Müəllifləri Beynəlxalq Birliyinin prezidenti Svetlana Pçelnikova tədbir iştirakçılarına kukla art sənəti üzrə ustad dərsi keçdi.

Lalə Azəri