“Kukla” art qalereyasında Yeni il kolleksiyasının təqdimatı

Dekabrın 20-də Bakıdakı “Kukla” art qalereyasında “Mələklərin zamanı” adlı Yeni il kolleksiyasının təqdimatı keçirildi. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, qalereyanın rəhbəri Lalə Kazımova, rəssamlar, sənət adamları iştirak edirdilər.

Qalereyanın direktoru Liana Vəzirova qonaqlara sərgi haqqında məlumat verdi. Bildirdi ki, qalereya Yeni il ərəfəsində sənətsevərlərlə görüşə yeni ekspozisiya ilə gəlib: “Yeni ekspozisiyanın adı da təsadüfən seçilməyib. Çünki il dəyişir, arzular, istəklər də yenilənir. Hər birimiz Yeni ili yeni ümidlərlə qarşılayırıq. İnanırıq ki, Yeni il özü ilə yeniliklər və sehrli nələrsə gətirəcək. Elə buna görə də ekspozisiyanı “Mələklərin zamanı” adlandırdıq. Çünki mələklər insanlara xoş günlər, xoşbəxtlik gətirir”.
Qeyd olundu ki, bu dəfə qalereyada tamamilə yeni sənət nümunələri toplanıb. Ekspozisiyada həm Azərbaycan ustalarının, həm də əcnəbi kukla sənətçilərinin əl işləri nümayiş olunur: “Qalereyamız kukla ustalarımıza yeni mövzularda işləmək üçün stimul verir. Biz daim onlarla təmasdayıq, əlaqələrimiz günü-gündən genişlənir. Onlar da bizim ümidlərimizi doğruldurlar və gördüyünüz kimi bu gün çoxlu sayda yeni sənət nümunələri təqdim edilir. Bu, təkcə art kuklaların sərgisi deyil. Burada Azərbaycan rəssamlarının Muzey Mərkəzinin qalereyasında saxlanan əsərləri də nümayiş etdirilir. Bu, “Kukla” art qalereyası ilə Muzey Mərkəzinin birgə layihəsidir”.
Bildirildi ki, ekspozisiyada Latviya, İtaliya, Rusiya, Belarus - ümumilikdə 10 xarici ölkə ustasının, Azərbaycan rəssamlarından Mehriban Əfəndi, Vüqar Əli, görkəmli sənətkar Sara Manafovanın əsərləri yer alıb: “Bu əsərlərin bəziləri bu günə kimi heç yerdə sərgilənməyib. Məqsədimiz qalereyamıza gələn tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etməkdir”.
Direktor bu günlərdə Moskvada keçirilən “Kukla incəsənəti” IV beynəlxalq sərgi barədə də məlumat verdi. Rusiya, Ukrayna, Almaniya, Litva, Danimarka, İspaniya, Fransa və digər ölkələrdən ustaların əl işlərinin nümayiş olunduğu tədbirdə Azərbaycanı “Kukla” art qalereyası təmsil edib. Beynəlxalq sərgidə Azərbaycanın tanınmış kukla ustaları Pərviz Hüseynov, İrina Qundorina və Tamilla Qurbanovanın 10-dan çox əl işi sərgilənib.
“Kukla” art qalereyasının “Mələklərin zamanı” adlı Yeni il ekspozisiyası yanvarın 13-dək davam edəcək.
Qeyd edək ki, 2013-cü ilin aprelində Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan “Kukla” art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir.

L.Azəri