Yanvarın 24-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Mircəlil Seyidovun fərdi sərgisi açılacaq. Yanvarın 26-dək davam edəcək sərgidə rəssamın 75 əsəri nümayiş olunacaq.
Mircəlil Seyidov 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. 1972-ci ildən bir sıra respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak edib. 1999-2004-cü illərdə Antalya Ağdəniz Universitetinin müəllimi işləyib.
Mərhum sənətkarın bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. Rəssamın 20 Yanvara həsr olunmuş tablolarında Azərbaycan xalqının faciəsi rənglərin dili ilə tamaşaçıya çatdırılır. “Əzab çəkmiş qoca”, “Həsrət” adlı əsərlərində qaçqın həyatı yaşayan insanların sarsıntıları kətana köçürülüb.