Yanvarın 29-da Xəzər Universitetinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gənc rəssamların əsərlərindən ibarət “Kompromis” adlı sərgi açılıb. Sərgiyə “Vienna Art Center” Bakı və “Yves Rocher” Fransa şirkətləri təşkilati dəstək verib.
Mərasimdə çıxış edən Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı sərginin əhəmiyyətindən danışıb. Universitetdə musiqi və incəsənətə xüsusi diqqət yetirildiyini söyləyən H.İsaxanlı belə sərgilərin gənclərimizin incəsənətə marağını daha da artıracağını deyib.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev qeyd edib ki, sərgi gənc rəssamlarımızın yaradıcılığı haqqında geniş məlumat almağa imkan yaradacaq.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç gənc rəssamları sərginin açılışı münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərgidə 16 rəssamın rəngkarlıq və qrafika üzrə 64 işi nümayiş etdirilir. Gənc rəssamlara sertifikatlar, molbertlər, sərginin kataloqu və Fransanın “Yves Rocher” şirkətinin hədiyyələri təqdim olunub.