“Bu əsərlər analarımızın laylasından, zəngin irsimizdən, xalçalarımızdan, muğamlarımızdan qaynaqlanan düşüncələrin məhsuludur”
Fevralın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgisinin açılışı keçirildi.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilib.
Mərasimi Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev açaraq yubilyarın yaradıcılığı haqqında danışdı, Tofiq Ağababayevin Azərbaycan təsviri sənət məktəbində öz dəst-xətti ilə seçilən rəssam olduğunu qeyd etdi.
Bildirdi ki, Tofiq Məmmədəli oğlu Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Sankt-Peterburqda V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbində təhsil alıb.
Rəssam dəzgah rəngkarlığı və qrafika növlərində bir çox əsərlərlə bərabər, monumental rəngkarlıq və dekorativ-tətbiqi sənət növlərində də əsərlərin müəllifi kimi tanınıb. Mənzərə, natürmort, portret janrlarında işlədiyi “Köhnə Bakı mədənləri”, “Qırmızı şlyapa”, “Abşeron kəndi”, “Azərbaycan lirikası”, “Füzulinin portreti”, “Narla natürmort” və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik sənətkar olduğunu göstərir.
Rəssam müxtəlif yerli və xarici ölkə sərgilərinin iştirakçısıdır. Əsərləri Azərbaycan, Rusiya və ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransa, Rusiya və s. ölkələrdə nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, Əməkdar incəsənət xadimi, Xalq rəssamı adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, Tofiq Ağababayev ziyalı sənətkardır, onun daxili aləminin gözəlliyi yaratdığı əsərlərdə əks olunur. Fərhad Xəlilov 85 illik yubileyi münasibətilə ittifaqın adından yubilyara xatirə hədiyyələrini təqdim etdi.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov da həmkarını təbrik edərək onun pedaqoji fəaliyyətindən söz açdı, gənc rəssamların dərin məhəbbətini qazandığını vurğuladı.
Sonda söz yubilyara verildi. O, sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirdi. Rəssam qeyd etdi ki, təqdim edilən sərginin konkret mövzusu yoxdur: “Burada sərgilənən əsərlərim analarımızın laylasından, xalçalarımızdan, muğamlarımız və zəngin irsimizdən qaynaqlanan düşüncələrin məhsuludur. Bu gün 50-yə yaxın əsərim nümayiş olunur. Onların sırasına yeni əsərlərim də daxildir”.
Xalq rəssamı hər kəsə 85 ildən də uzun ömür arzulayaraq iştirakçıları sərgi ilə tanış olmağa dəvət etdi.
Ekspozisiyada rəssamın rəngkarlıq, qrafika və keramika sahəsindəki fəaliyyətini əks etdirən əsərlər nümayiş olunur. Sərgi fevralın 28-dək davam edəcək.
Lalə Azəri