Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisi

Martın 11-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubileyinə həsr edilmiş "Cizgilərə hopan ömür" adlı sərgisinin açılış mərasimi keçirildi.

Açılışda çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yubilyarın həyat və yaradıcılığı haqqında söz açdı. Bildirildi ki, Cəmil Müfidzadə 1934-cü ildə anadan olub. İxtisas təhsilini əvvəlcə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda alıb. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Milli təsviri sənətimizin inkişafında xidmətlərinə görə respublikanın Xalq rəssamı fəxri adına (2002) layiq görülüb. Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.
Fırça ustasının "İçərişəhər", "Abşeron nefti", "Buhenvald", "Xınalıq", "Monqolustan torpağında", "Misir təəssüratları" və s. silsilə əsərləri xüsusilə məşhurdur. "İçərişəhər" silsiləsi onun bədii kəşflərinin debütü olub. Fərdi yaradıcılıq vasitələri ilə seçilən cizgilər bu silsilədə bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir. Cəmil Müfidzadənin yaradıcılığında milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənəti ənənələri ilə həmahəngdir.
Cəmil Müfizadə milli təsviri sənətimizdə qrafika janrının ən tanınmış nümayəndələrindən biridir. Sənətkar yaradıcılıq axtarışlarını davam etdirməklə yanaşı, Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasının professoru kimi gənc rəssamlara sənətin sirlərini aşılayır.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov qrafika rəssamlığında öz yolunu tapan, sənətin incəliklərini yaratdığı əsərlərində təcəssüm etdirən həmkarını təbrik etdi, ona cansağlığı arzuladı. Bildirdi ki, rəssamın əsərləri bənzərsizdir və xarakterik əhəmiyyət kəsb edir.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov yubilyarı nazir Əbülfəs Qarayevin adından təbrik etdi. Bildirdi ki, nazirlik rəssamın yaradıcılığına hər zaman diqqət ayırır, onun sənəti yüksək qiymətləndirilir.
Xalq rəssamları Arif Hüseynov, Altay Hacıyev, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər çıxış edənlər də yubilyara təbriklərini çatdırdılar. Bildirildi ki, sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu bənzərsizlik sənətkarın uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının nəticəsində yaranır. Hər bir rəssamın sevimli mövzusu olduğu kimi, Cəmil Müfizadənin də qəlbinə hakim kəsilən, bədii həllini axtarmağa çalışdığı mövzular var. Yarım əsrdən çoxdur ki, rəssamın Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə çevrilib. Onun əsas mövzusu isə Azərbaycan neftidir. Bundan əlavə, rəssamın dünyanın bir çox ölkələrinə səfərlərinin təəssüratı qrafik silsilələrdə əbədiləşdirilib. “Monqolustan lövhələri”, “Misir təəssüratları”, “Şimal” silsilələri buna misaldır.
Sonda çıxış edən yubilyar təşkilatçılara xüsusi təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu, onun 12-ci fərdi sərgisidir. İndiyədək rəssamın Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdə fərdi sərgiləri təşkil edilib. Rəssam bildirdi ki, budəfəki sərgidə 60-a yaxın əsəri nümayiş olunur. Sonra iştirakçılar Xalq rəssamının əsərləri ilə tanış oldular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar