Martın 11-də “ÜNS” Yaradıcılıq Səhnəsində Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş “Məryəm” bədii-sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. İştirakçılar əvvəlcə foyedə filmin qəhrəmanı, istedadlı gənc rəssam Məryəm Ələkbərlinin rəsm əsərlərinə baxdılar.
Tədbirdə çıxış edən filmin ssenari müəllifi, Xalq yazıçısı Elçin Məryəm Ələkbərlinin sənət dünyasından, onun bənzərsiz yaradıcılıq axtarışlarından, obrazlarından danışdı. Xalq yazıçısı ekran əsərinin yaranma səbəblərindən söz açaraq Məryəm Ələkbərlini qeyri-adi düşüncə tərzinə malik rəssam adlandırdı. O, filmin yaradıcı heyətini tamaşaçılara təqdim edərək gərgin əmək nəticəsində yüksək səviyyəli bir ekran əsərinin ərsəyə gətirildiyini bildirdi.
“ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva çıxış edərək Məryəm Ələkbərlinin əsərlərini, düşüncə tərzini yüksək qiymətləndirdi. Vurğuladı ki, o, yüksək bədii, estetik zövqə malik gənc rəssamdır.
Çıxışlardan sonra “Məryəm” bədii-sənədli filmi təqdim olundu. İki hissədən ibarət filmin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayev, quruluşçu rəssamları Məryəm Ələkbərli, Əziz Əliyev, bəstəkarı Xəyal Məmmədov, operatorları Elman Əliyev və Rauf Qurbanəliyevdir.
Filmin bədii hissəsi “Sirr”, sənədli hissəsi isə “Bəyaz gəmilərlə rənglərin rəqsi” adlanır. Çəkilişlər Bakıda və Məryəm Ələkbərlinin sənət təhsili aldığı Parisdə keçirilib. Bu ekran işi rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və onlardan ibarət bitkin bir fikrin dünyaya carçısıdır.
Filmin bədii hissəsində rəssamın sənət dünyasını, əsərlərinin fəlsəfi yozumunu Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Elmira Aslanova canlandırır.
Filmdə hadisələr qapalı bir məkanda baş verir. Bir otaqda öz yaradıcılığı ilə təkbətək qalan yaşlı rəssam qadın sonda öz əsərlərinin köməyi ilə yenidən həyatın başlanğıcına qayıdır. Sanki onun üçün günəş yenidən doğur, dünya yenidən başlayır.
Fariz Hüseynov