Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraşın fərdi sərgisi açılıb

Aprelin 9-da Heydər Əliyev Mərkəzində müasir dünya incəsənətinin məşhur nümayəndələrindən biri, britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olublar.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu məkanda mütəmadi olaraq dünya şöhrətli rəssam və heykəltəraşların əsərlərinin sərgiləndiyini diqqətə çatdırıb, həyata keçirilən layihələrdən danışıb. O, Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələrə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Heydər Əliyev Mərkəzi Toni Kreqq studiyası ilə əməkdaşlıq layihəsi çərçivəsində heykəltəraşın əsərlərinin xüsusi təqdimatını reallaşdırır. Sərginin açılışının müəllifin 65 illik yubileyinə təsadüf etdiyini deyən Anar Ələkbərov onu təbrik edib.
Toni Kreqq sərginin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib, bu işdə əməyi olan hər kəsə təşəkkür edib. Sənət yolundan danışan qonaq deyib ki, heykəltəraşlıq obyektlərin sakitliyini təcəssüm etdirsə də, dinamik inkişaf edən incəsənət sahəsidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov çıxışında Toni Kreqqin əsərlərini monumental, ekspressiv, gözəl, eyni zamanda zərif incəsənət nümunələri adlandırıb. O, heykəltəraşa təmsil etdiyi ali məktəbin fəxri professoru diplomunu təqdim edib.
Sonra sərgiyə baxış olub. Ekspozisiyada müəllifin 28 əsəri sərgilənir, onun tərtibatında müəllif özü bilavasitə iştirak edib. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirərək burada sənətsevərlər üçün xüsusi ab-hava yaradıb.
Sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kataloqda yer alan qeydlərində müasir incəsənətin ən nüfuzlu simalarından olan Toni Kreqqin yaradıcılıq məziyyətlərindən söz açılır: “Siz valehedici və cazibədar sənət nümunələrinin - polad, şüşə, keramika, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaqdır”.
Nəşrdə həmçinin Toni Kreqqin yaradıcılığı haqqında məlumat verilir. O, 1949-cu ildə Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində, Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. 1977-ci ildə Almaniyaya köçüb, hazırda Düsseldorf İncəsənət Akademiyasının rektorudur.
Toni Kreqq yaradıcılığının ilk dövründə tullantı və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əl işləri ilə tanınıb. Onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Monumental kompozisiyaların müəllifidir. Bürünc, mərmər, ağac, polad, plastik, keramika, çini və şüşədən hazırladığı heykəllər təkcə muzeyləri deyil, London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York və digər şəhərlərin küçə və meydanlarını, şirkət binalarını bəzəyir. Müxtəlif ölkələrdə 350-dən çox sərgisi təşkil olunan heykəltəraş 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb. Müəllifin paytaxtımızda sərgisi avqustun 31-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar