İranlı rejissor Şirin Neşatın 2009-cu ildə Venesiya kinofestivalında “Gümüş aslan” mükafatı almış “Kişisiz qadınlar” filmi iyul ayından Almaniya kinoteatrlarında nümayiş olunmağa başlanıb. Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İranlı rejissor Şirin Neşat dünyada özünəməxsus üslubu olan sənətkar kimi qəbul olunur. Filmdə ötən əsrin 50-ci illərinin İran həyatı, siyasi hadisələr təsvir olunub. Ekran əsəri 1953-cü ildə İranda hakimiyyət çevrilişi zamanı dörd qadının üsyan və etiraz dolu hekayələrindən danışır. Onlardan birincisi aldadılmış, ikincisi bəxtsiz aşiq, üçüncüsü intiharın bir addımlığında olan, dördüncüsü isə həyatı sevən qadındır. Rejissor dörd qadını sehrli bir bağçada görüşdürür. Filmdə sənədli məzmunla yanaşı, güclü fantastik görüntülər də yer alıb. Film İran yazıçısı Şarnuş Parsipurun eyniadlı romanı əsasında lentə alınıb.
   53 yaşlı Ş.Neşat İslam inqilabından sonra ölkəsini tərk edib və hazırda ABŞ-da yaşayır. Amma filmlərində İrandan bəhs edir. Rejissor bunun səbəbini belə açıqlayır: “İranlıları bəlkə ölkələrindən ata bilərsiniz, amma onların ürəklərindəki İranı dağıtmaq qeyri-mümkündür. Neçə illərdir ölkəmdən kənarda yaşamağıma baxmayaraq mən duyğularımla hələ də iranlıyam. Amma digər tərəfdən də düşüncələrim, geyimim və həyat tərzimlə qərbliyəm”.
   İntiqam Hacılı