Mayın 15-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Almaniya bir rəssamın gözü ilə” rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi oldu.
Müsabiqə Almaniyanın ölkəmizdəki səfirliyi, “Qız qalası” incəsənət, “Berlin-Bakı” rəsm qalereyalarının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “AGBank”ın və “Standard İnsurance” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger yeddinci dəfə təşkil olunan müsabiqənin öz ənənələrinin formalaşdığını bildirdi. Qeyd olundu ki, budəfəki müsabiqəyə 52 nəfər, o cümlədən Azərbaycanın regionlarından xeyli iştirakçı qatılıb: “Müsabiqəyə bir-birindən gözəl əsərlər təqdim olunub. Düzü, bunların arasından qaliblərin seçilməsi bizim münsifləri çətin vəziyyətə saldı. Çünki əsərlərin hər biri qalib olmağa layiq idi”.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov ənənə halını almış müsabiqəni yüksək qiymətləndirərək, rəhbəri olduğu təhsil ocağının tələbələrinin bu layihədə həvəslə iştirak etdiklərini vurğuladı.
Sonra müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr təqdim olundu. Birinci yerin qalibi Fəxri Mustafazadə, ikinci yerin qalibi Cəmil Hüseynov və üçüncü yerin sahibi isə Nərmin Süleymanova oldu. Almaniyanın Azərbaycandakı səfirliyi ilk üç yerin sahiblərinin Berlin şəhərinə bir həftəlik səfərini təşkil edəcək.
Daha sonra rəsm əsərlərinə baxış keçirildi. “Almaniya bir rəssamın gözü ilə” sərgisi iyunun 7-dək davam edəcək.
Fariz Hüseynov