Mayın 27-də Azərbaycan İstiqlal Muzeyində 28 May - Respublika Gününə və 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Müstəqil Vətənin işıqları” adlı sərgi açıldı.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək hər iki günün əhəmiyyətindən danışdı. Bildirdi ki, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürməsinə baxmayaraq, dövlətçilik tariximizdə mühüm iz qoyub. İstiqlal Muzeyi də mədəniyyətin müxtəlif sahələrində uğurlu addım atan Xalq Cümhuriyyəti hökumətinin yadigarıdır.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək tədbirin önəmindən söz açdı. Bildirdi ki, istedadlı uşaqların inkişafına kömək etmək, onların tanıdılması baxımından belə tədbirlərin tez-tez keçirilməsi vacibdir.
Digər çıxış edənlər də sərginin 28 May - Respublika Gününə gözəl töhfə olduğunu vurğuladılar, milli bayram münasibətilə təbriklərini çatdırdılar.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. “Müstəqil Vətənin işıqları” adlı sərgidə paytaxtın Nizami rayonunun Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlar dərnəyinin 39 şagirdinin, eyni zamanda, gənc rəssamlar Bəhram Bəhmənov və Ayla Mehrəliyevanın yaradıcılıq nümunələri - ümumilikdə, 124 əsər nümayiş olunur.
Tədbirin bədii hissəsində Yasamal rayonundakı 24 nömrəli uşaq yaradıcılıq mərkəzinin üzvləri tərəfindən hazırlanmış bədii-musiqili kompozisiya nümayiş etdirildi. Sonda uşaqlar sərgidə fəal iştirak etdiklərinə görə təşəkkürnamə ilə təltif edildilər.
Fariz Hüseynov