Hər bir millətdən dünyaya elə övladlar gəlir ki, onlar öz xalqına, bəlkə də ümumi insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar...
Üzeyir bəy Hacıbəyli

Azərbaycan heykəltəraşları arasında özünəməxsus dəst-xətti olan bir sənətkar var: Azad Əliyev. Tale onu eşitmə duyğusundan məhrum etsə də, o, bu sınağın qarşısında əsla əyilməmişdir. Yaratdığı əsərlər bu gün dünya ölkələrinin sənətsevərlərini heyran etməkdədir.

Azad Mikayıl oğlu Əliyev 1956-cı ildə Bakıda həkim ailəsində dünyaya göz açmışdır. Xəstəliyin yaratdığı çətinliklərə görə, yaşıdlarına, tay-tuşlarına qaynayıb-qarışa bilməyən kiçik Azad mehrini cansız daşlara, gilə, quma salmışdır. Palçıqdan düzəltdiyi müxtəlif fiqurlara baxan valideynləri Azadın heykəltəraş olmaq arzusunu duyurdular. Doğrudan da, bu məktəbli oğlanın qəlbi sənət eşqi ilə döyünürdü. Kiçik Azad gah evdə ailə üzvlərinin, gah da həyətdəki yaşıdlarının rəsmlərini çəkər, plastilindən kiçik fiqurlarını düzəldərdi. Bu rəsmlər, fiqurlar əldən-ələ gəzir, qohumların, qonşuların böyük marağına, təəccübünə səbəb olurdu.
İllər keçdikdən sonra o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsində bu sənətin sirlərinə yiyələnir. Daha sonra, 1977-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dekorativ-tətbiqi sənət” fakültəsinin şüşə və keramika şöbəsində oxuyur. Tələbəlik illərində də təkrarolunmaz əl işləri müxtəlif sərgi salonlarında, müsabiqələrdə nümayiş etdirilir. 1983-cü ildən görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmağa başlayır. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilir.
Azad Əliyev 2000-ə yaxın əsərin müəllifidir. Bu əsərlər Rusiya Polşa, Almaniya, İtaliya, Fransa, Belçika, Avstriya, Hollandiya, İran, Türkiyə və s. ölkələrin muzey və parklarını bəzəyir. 1991-ci ildə Dərbənd şəhərində onun yaratdığı Nizami Gəncəvinin heykəlinin açılışı oldu. Kompozisiya etibarilə orijinal abidədə Nizaminin obrazı onun ölməz “Xəmsə”sinin surətləri fonunda təsvir olunub.
Heykəltəraşın Üzeyir bəyə göstərdiyi böyük ehtiram, vurğunluq isə onun Şəmkir şəhərində ucaltdığı abidədə daha aydın nəzərə çarpır. 2009-cu ilin avqust ayı idi. Azad Əliyev Üzeyir Hacıbəylinin ev-muzeyinə gəldi. Məlum oldu ki, o, Azərbaycan himninin tarixi haqqında abidə-kompozisiya yaratmaq niyyətindədir. Dedi ki, kompozisiyada Üzeyir bəyi royal arxasında, himnin sözlərinin müəllifi Əhməd Cavadı isə ayaq üstə, royala söykənərək vərəqdən himni oxuyan vəziyyətdə təsəvvür edir. Bu məqsədlə o, muzeyimizə dəfələrlə gəlib-getdi. Hər gəlişində də Üzeyir bəyin royalını uzun-uzadı müşahidə edir, onun hər bir hissəsinin, detalının ölçüsünü zərgər dəqiqliyi ilə götürürdü.
Nəhayət, bu abidə-kompleks 2010-cu ildə Şəmkir şəhərinin İstiqlal parkında ucaldıldı. Parkın açılışı günü orada iştirak edən tamaşaçıların yaddaşında dərin iz qoydu. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompozisiyanı sənət əsəri kimi yüksək qiymətləndirdi. Həmin kompozisiyanın fotoşəkilləri bu gün Üzeyir Hacıbəylinin ev-muzeyinin divarlarını bəzəməkdədir. Muzeyi ziyarət edənlər fotolara baxdıqca öz heyranlıqlarını gizlədə bilmirlər. Doğrudan da bu abidəyə heyran olmamaq mümkün deyildir. Qara qranitdən düzəldilmiş, üzərində bürünc şamdan dayanmış, bürünc ayaqlı, bürünc pedallı, ağ mərmər klavişli bu royal, böyük bir konsert salonunda qoyulmuş əsl royaldan əsla seçilmir. Üzeyir bəyin, Əhməd Cavadın əzəmətli heykəlləri də sanki canlıdır. Bir sözlə, bu əsər Azərbaycan himninə ucaldılmış bir sənət xariqəsidir.
Bu günlərdə biz, Üzeyir Hacıbəylinin ev-muzeyinin bir neçə əməkdaşı heykəltəraş Azad Əliyevin emalatxanasında olduq. Yəqin ki, burada gördüklərimiz uzun müddət yaddaşlarımızdan silinməyəcək. Heykəltəraşın emalatxanasında Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin - Füzulinin, Nəsiminin, Aşıq Ələsgərin, Nəriman Nərimanovun, Mir Cəlal Paşayevin, Ağa Musa Nağıyevin və başqalarının abidələrinin maketlərini gördük. Onların tamamlanmış variantları bu gün respublikamızın müxtəlif sərgi salonlarında, qalereyalarında nümayiş etdirilir. Emalatxanada olarkən öyrəndik ki, Bakıdakı Beynəlxalq Muğam Mərkəzində qoyulmuş Xan Şuşinski, Seyid Şuşinski və başqa sənətkarların büstlərinin müəllifi də Azad Əliyevdir. O həmçinin məşhur violonçel ifaçısı, görkəmli musiqiçi M.Rostropoviçin, klassiklərdən L.V.Bethovenin, İ.S.Baxın abidələrini yaratmışdır. Onu da deyək ki, Bethovenin tuncdan düzəldilmiş büstü hazırda Mərkəzi Amerikada, Salvadorun paytaxtı San-Salvador şəhərində ucaldılmışdır. Büstün yanındakı mərmər lövhənin üzərində onun müəllifi - azərbaycanlı heykəltəraş Azad Əliyev haqda məlumat var.
Müəllifin uğurlu işlərindən biri də Xəlil Rza Ulutürkün məzarüstü abidəsidir. Fəxri xiyabanda ucaldılmış heykəl öz əzəməti ilə, məzmun dolğunluğu ilə xiyabanı ziyarətə gələnlərin diqqətini dərhal cəlb edir.
Metronun 20 Yanvar stansiyası ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə, Binəqədi rayonunda milli qəhrəmanların silsilə abidələri və 20 Yanvar qırğınının dəhşətlərini əks etdirən, boş gilizlərdən ibarət 4 metr hündürlüyü olan kompozisiya da Azad Əliyevin böyük əməyinin məhsuludur.
Yuxarıda qeyd etdiyimiz kimi sənətkarın əsərləri Azərbaycanın hüdudlarından kənarda da böyük tamaşaçı rəğbəti qazanmışdır. Buna misal olaraq biz Fransanın paytaxtı Parisdə ucaldılmış Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin abidələrini, Gürcüstanda Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Fətəli xan Xoyskinin, aşıq Hüseyn Saraclının abidələrini göstərə bilərik. Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin abidələri Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmışdır. Bu qüdrətli tişə ustasının müxtəlif süjetli kompozisiyaları doğma Azərbaycanımızın bölgələrindən Şəmkirin, Gədəbəyin, Naftalanın və s. meydanlarını, parklarını daha da baxımlı, yaraşıqlı edir. Naftalanın sağlamlıq ocağına həsr edilmiş silsilə işçi obrazları isə dünyanın müxtəlif yerlərindən bura gələn turistlərin böyük marağına səbəb olur.
Heykəltəraş Azad Əliyev həmçinin onlarla barelyefin, qorelyefin, relyefin, plaketin, medalın müəllifidir. Bu əsərlər də hazırda həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda, muzeylərdə, şəxsi kolleksiyalarda qorunub saxlanılır. Müəllifin hazırda üzərində işlədiyi tamamlanmamış iş isə istedadlı şahmatçı, mərhum Vüqar Haşımovun obrazıdır. Monumental abidə gənc şahmatçının məzarı üzərində ucalacaqdır.
Tale Azad Əliyevi də ikinci dəfə övlad itkisi ilə sınadı. Heykəltəraşın övladı, istedadlı rəssam Azadə Azad həyatda yoxdur. Kim bilir, bu sınaq, bu sarsıntı sənətkarın hansı arzularını, gələcəyin hansı əsərini yarımçıq qoydu. Atanın qəlbində isə rəssam övladının əzəmətli bir heykəli əbədilik ucalmışdır. Yəqin ki, o bir zaman gənc övladının abidəsini, yaratdığı əvəzsiz heykəllər qalereyasında da görmək istəyəcəkdir. Biz isə yorulmaz sənətkara - Azərbaycan xalqına, eləcə də dünya mədəniyyətinə qiymətli əsərlər bəxş edən heykəltəraş Azad Əliyevə üz tutaraq deyirik: Siz xalqınıza, Vətəninizə, seçdiyiniz sənətə sadiq sənətkarsınız. Sizə bu şərəfli yolda yeni-yeni uğurlar arzulayır, xariqələr yaradan əllərinizə var olsun deyirik.

Gülnarə Çingizqızı,
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar