Bədii kukla ustası Elmira Abbaslının Vyanada sərgisi

Xəbər verildiyi kimi, mayın 22-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Respublika Günü münasibətilə Azərbaycan və Rusiya Rəssamlar ittifaqlarının üzvü, tanınmış bədii kukla ustası Elmira Abbaslının əsərlərindən ibarət sərgi keçirilib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət xadimləri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Sərgi haqqında iştirakçıları məlumatlandıran Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qeyd edib ki, Elmira Abbaslı bədii kuklaların hazırlanması ilə 1983-cü ildən məşğuldur. O, Azərbaycanda peşəkar bədii müəllif kuklalarının ilk yaradıcısıdır. Onun əsərləri mum fiqurlar və kuklalardan tamamilə fərqlənir. Bu əsərlərin hər bir hissəsi sırf əl əməyinin məhsulu olmaqla bütöv bir kompozisiyadır və ayrılıqda sanki bir hekayəti nəql edir. Rəssamın əsərləri Rusiya, ABŞ, Böyük Britaniya, Yaponiya, Çin, Almaniya, Fransa və s. ölkələrdə sərgilərdə nümayiş etdirilib və hazırda bir çox muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam Elmira Abbaslı sərgidə nümayiş olunan əsərləri barədə məlumat verib. Yozef Haydn Konservatoriyasının tələbəsi Müşfiq Quliyevin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, xalq mahnıları tədbirə rəng qatıb. Üzeyir Hacıbəylinin bəstələrinin müşayiəti ilə Elmira Abbaslının yaradıcılığını əks etdirən videoslayd da maraqla qarşılanıb.
Bakıya qayıdan rəssamla görüşüb qısa səfər təəssüratını öyrəndik. Rəssam bildirdi ki, Vyanada təşkil olunan “Təcəssüm” adlı sərgidə bədii kuklalarla yanaşı, həcmli miniatürləri də nümayiş olunur: “Avropanın və dünyanın mədəniyyət paytaxtlarından sayılan şəhərdə Azərbaycan sənətini təmsil etmək mənim üçün böyük şərəfdir. Həmin gün mənim üçün ikiqat bayram oldu. Sərginin təşkilində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Tədbirə gələn xarici vətəndaşlar təqdim edilən işlərə heyranlıqla tamaşa edirdilər. Bu işlərlə mən eyni zamanda Azərbaycan ab-havasını təqdim etmək istəyirdim. Sərgilənən nümunələr içərisində “Saatsaz və zaman” hədsiz marağa səbəb oldu”.
Qeyd edək ki, Elmira Abbaslının Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində sərgisi sentyabrın 15-dək incəsənət həvəskarları üçün açıq olacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar