Müsabiqənin qalibləri mükafatlandırılacaq
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi gənc fotoqraflara daim öz dəstəyini nümayiş etdirmək və onların potensialını üzə çıxartmaq üçün davamlı layihələr həyata keçirir.
Bu sahədə növbəti layihə paytaxtımızın qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, habelə mədəni irsinin qorunması və təbliğ olunması məqsədilə keçirilən “Bakı: qeyri-adi foto” adlı fotomüsabiqədir.
Müsabiqə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə mart-may aylarında keçirilib.
Münsiflər heyəti 41 iştirakçının fotolarını nəzərdən keçirərək müvafiq texniki şərtlərə, lazımi parametrlərə və mövzuya uyğun olan 20 nəfərin 50 fotosunu seçib. Onların içərisindən 3 nəfər qalibə fəxri fərman və pul mükafatları, 5 nəfərə isə həvəsləndirici mükafatlar veriləcək.
Yekun nəticələr iyunun 13-də Müasir İncəsənət Mərkəzində keçiriləcək mərasimdə açıqlanacaq.
Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət kataloq hazırlanacaq və ilin sonunadək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə qaliblərin işlərindən ibarət səyyar fotosərgilər təşkil ediləcək.