İyulun 9-da Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında ikebana - ənənəvi yapon gül sənətinin nümayişi ilə bağlı tədbir keçirildi. Tədbirin məqsədi qədim dövrlərə aid bu ənənəvi yapon sənətini Azərbaycanda insanlara daha yaxından tanıtmaq və ikebana hazırlamağın sirlərini bölüşmək idi.
Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi əvvəlcə ölkəsinin mədəniyyətinin zənginlikləri haqqında məlumat verdi. O, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin ötən ilin dekabr ayında Bakıda keçirilmiş iclasında yapon ənənəvi mətbəxinin “Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısı”na daxil edildiyini xatırlatdı: “Bu mövzunu davam etdirərək Yaponiyanın əsas mədəniyyət nümunələrindən olan ikebana - ənənəvi yapon gül düzümü sənətinin incəliklərini Azərbaycanda da tanıtmaq istəyirik. Bu məqsədlə Yaponiyadan 6 nəfər ikebana müəllimi Bakıya dəvət olunub. Bilirik ki, azərbaycanlılar da öz evlərini gül-çiçəklə bəzəyir. Düşünürəm ki, bu layihə onlar üçün çox maraqlı olacaq”.
Səfir yapon mədəniyyətinin Azərbaycanda maraqla qarşılandığını, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini bildirdi: “Bundan öncə biz Yaponiya film festivalını keçirmişdik. Bu ilin payızında isə Yaponiyanın ənənəvi içki növü olan düyüdən hazırlanan şərabın - osakenin dequstasiyasının keçirilməsi planlaşdırılır”.
Sonra Yaponiyadan dəvət olunmuş peşəkar müəllimlər tədbir iştirakçılarına gül kompozisiyalarının hazırlanması qaydalarını göstərdilər.
Təəssüratlarını bizimlə bölüşən peşəkar ikebana müəllimi Sanye Maide bildirdi ki, insanın əhvalı nə qədər pis olsa, ikebana ilə məşğul olduqda əhval-ruhiyyə yenidən qalxır: “Demək olar ki, Yaponiyada hər ailədə bu sənətlə məşğul olan var. Mən həm də ona sevinirəm ki, Azərbaycanda keçirdiyimiz bu tədbirdə yerli iştirakçılar çox gözəl ikebana hazırlaya bildilər”.
Mehparə