Təsviri sənətin çağdaş mərhələsində

Təsviri sənətdə milli simvolizmin əsas təzahür formalarından biri obrazlardır. Obraz məfhumunun mənası xeyli əhatəli olub təkcə insanları deyil, geniş mənada həm də müxtəlif predmetləri, təbiət obyektlərini, onların məzmun və ideya ilə birləşərək özünəməxsus bədii ifadə vasitələri əmələ gətirməsini ehtiva edir. Lakin müstəqim mənada obraz anlayışı daha çox surət, şəxsiyyət kimi qəbul edilir. Bu yazıda obraz istilahını məhz şəxsiyyət mənasında təfsir etməyi qarşımıza məqsəd qoymuşuq.

Zənnimizcə, milli simvolizmdə obrazlar şəcərəsini mənşə etibarilə tarixi və qeyri-tarixi (düşünülmüş, yaxud əsatiri) olmaqla iki əsas qrupa bölmək məqsədəuyğundur. Bunlardan birincisinə real, tarixi şəxsiyyətlər, digərinə isə folklordan qaynaqlanan qeyri-tarixi, xalqın düşünüb yaratdığı bədii surətlər daxildir. Koroğlu, Babək, Fətəli xan, Qaçaq Nəbi, son dövrlər incəsənətində isə həmçinin Cavad xan, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərin obrazları tarixi silsiləyə daxildir. Molla Nəsrəddin, Məlikməmməd, Qoçaq Nəzər, Kosa, Keçəl, Cırtdan, Göyçək Fatma və başqa surətlərsə ikincilərə aiddir. Milli folklorda yer alan mifik-əfsanəvi obrazları da (Xıdır İlyas, Xıdır Nəbi, Loğman və s.) bu qrupa daxil etmək mümkündür. Əlbəttə, bir çox nağıl, rəvayət, əfsanə, əsatir və s. folklor nümunələrinin qəhrəmanları (Zərdüşt, Əflatun, Ərəstun, Bəhlul Danəndə və b.) nə zamansa yaşamış tarixi şəxsiyyətlərin bədiiləşdirilmiş, ümumiləşdirilmiş, hətta mifikləşdirilmiş təcəssüm forması da ola bilər. Öz növbəsində tarixi şəxsiyyətlər də (Koroğlu, Şah İsmayıl və b.) folklorda geniş təcəssüm olunur. Lakin bu məsələlər daha çox tarix, folklorşünaslıq, mənbəşünaslıq və s. sahələrə aid olduğundan onların üzərində dayanmırıq.
Yuxarıda qeyd etdiyimiz iki əsas qrupdan əlavə üçüncü, ümumiləşdirilmiş milli obraz qrupunu da ayırd etməyə, fikrimizcə, ehtiyac vardır. Nə tarixi, nə də folklor qəhrəmanı olan belə obrazda milli xarakter rəssam tərəfindən qabarıq ifadə edilmiş antropoloji və etnoqrafik cizgilər, təsvir vasitələri ilə (qarasaçlı, qaragözlü, mətin, mərd baxışlı tipik azərbaycanlı siması, həmçinin fon, ətraf və geyim atributları - milli trikolor, xalça, tar-kamança, nar, İçərişəhərin qala divarları, Qız qalası, Gövhər ağa məscidi və s.) əks etdirilir. Bu klassik formadan incəsənətin bir çox sahələrində, xüsusilə plakat və dizayn-reklam tərtibatında istifadə olunur.
Azərbaycan təsviri sənətinin istər klassik (XIX-XX əsrlər), istərsə də çağdaş mərhələsində milli simvolizmlə çulğalaşan geniş obrazlar şəbəkəsi yaradılmışdır və bu gün də rəssamlarımız tərəfindən yaradılmaqda davam edir.
Simvolizm səciyyəsi daşıyan bədii obrazlar incəsənətin milli məzmununu əks etdirməklə yanaşı, həm də onun ideoloji mahiyyətini qüvvətləndirir. İncəsənət tarixinə kiçik bir nəzər salmaq kifayətdir ki, belə obrazların şüurlara güclü təsir imkanları aşkara çıxsın. Milli qəhrəmanlıq simvolikası milli özünüdərk və milli qürur hisslərinin formalaşmasında, bununla da insanların mənən səfərbər olmasında, cəmiyyətin bir amal uğrunda yumruq kimi birləşməsində böyük ideya-bədii çəkiyə malikdir. Bu məlum həqiqət sənət xadimləri tərəfindən hər zaman, xüsusilə taleyüklü dönəmlərdə məharətlə gerçəkləşdirilmişdir.
Rusiyada vətəndaş və Böyük Vətən müharibəsi dövründə Deni, Moor, Çeremnıx, eləcə də Toidze, Korjev, Korin kimi plakatçı və boyakarların istər tarixi-qəhrəmanlıq janrını, istərsə də günün reallıqlarını, xalqın qəhrəmanlığını əks etdirən tabloları o dövrdə heç də süngüdən az iş görmürdü. M.Toidzenin «Ana Vətən çağırır!» plakatı Böyük Vətən müharibəsinin ideya-bədii simvoluna çevrilmişdi.
Həmin dövrün və sonrakı dövrlərin Azərbaycan təsviri sənətində də belə nümunələr yetərincədir. M.Abdullayev, B.Mirzəzadə və S.Şərifzadənin «Böyük Babəkin yürüşü» (1942), T.Tağıyevin «Koroğlu» (1942), Q.Salamovanın «Muştuluq» (1943), S.Şərifzadənin «Babək» (1944) kimi tabloları 40-cı illərin qəhrəmanlıq hissləri üzərində köklənmiş və xalqı mübarizəyə səsləyən qiymətli simvolika nümunələridir. Bu siyahıya F.Əbdürrəhmanovun «Koroğlu» barelyefini (1942), C.Qaryağdının iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun büstü (1947) əsərlərini də əlavə edə bilərik. Qəhrəmanlıq pafosu ilə zəngin olan belə əsərlər sonralar da işlənmişdir. T.Salahovun «Koroğlu döyüşdən qabaq», «416-cı diviziyanın Taqanroqu azad etməsi», Ə.Verdiyevin «Xürrəmilər xilafət qoşunu ilə döyüşdə» və bir çox başqa tablolar bu qəbildəndir. Əlbəttə, belə misalların sayını xeyli artırmaq olar.
Milli simvolika təkcə tarixi-qəhrəmanlıq deyil, həm də milli özünüdərkin formalaşması baxımından çoxsaylı imkanlara, geniş məna çalarlarına malikdir. Milli folklorumuzdan qaynaqlanan rəngarəng obrazlar silsiləsi Azərbaycan təsviri sənətinin özünəməxsusluğunu artırmaqla yanaşı, həm də onu çağdaş dünya incəsənətində xeyli populyar edir. Belə ki, yaşadığımız dövrdə daha çox iki istiqamət - kökündə modernizm estetikası dayanan müasir sənət görüşləri və etnik səciyyə daşıyan milli-tarixi sənətkarlıq formaları bütün dünyada populyarlıq qazanmışdır. Bəzən bunu mədəniyyətlərarası dialoq, Şərq-Qərb təmasları kimi də səciyyələndirirlər. İstənilən halda, bədii simvolikanın geniş təcəssümü çağdaş Azərbaycan incəsənətinə dünya miqyasında olan marağı xeyli artırmışdır. Bu, mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyanın nəzər-diqqətinə çatdırılması baxımından da çox önəmlidir.
Çağdaş dövrdə obrazlar qalereyası milli simvolizmin əsas təzahür formalarından biri kimi çıxış edir. Bu sahədə bir çox tanınmış rəssamlarımız uğurla fəaliyyət göstərirlər. Sakit Məmmədov, Ağaəli İbrahimov, Arif Hüseynov, Qəyyur Yunus, Sara Manafova, Arif Əziz, İsmayıl Məmmədov, İlhamə Qurbanova və başqa rəssamların yaradıcılığında maraqlı, bir çox hallarda dekorativ səciyyə daşıyan süjet xətti, nəqledici mahiyyətlə yanaşı, həm də parlaq obrazlar qalereyasına rast gəlinir.
Dəst-xəttində zəngin milli koloritin, parlaq etnoqrafizm cizgilərinin üstün olduğu iki rəssamın - Xalq rəssamı Arif Hüseynovun və Əməkdar rəssam İsmayıl Məmmədovun yaradıcılıq nümunəsində simvolik obraz tematikasına diqqət yetirək.
Qeyd edək ki, hər iki rəssamın yaradıcılığında milli-simvolik obrazlar mühüm yer tutur. Bir çox başqa sənətkarlarımız kimi, bu rəssamlar da milli simvolizmin parlaq, canlı lövhələrini yaratmışlar və bu gün də yaratmaqda davam edirlər.
Arif Hüseynovun dekorativizm, əlvan kolorit, folklor əhvali-ruhiyyəsi ilə aşılanmış özünəməxsus dəst-xətti vardır. Milli simvolizm xüsusiyyətlərini əks etdirən canlı obrazlar silsiləsi rəssamın yaradıcılığında mühüm yer tutur. Onun yaradıcılığının ana xəttini milli kolorit və məzmun, nağılvari romantika, incə lirizm, Bakı və Abşeron tematikası təşkil edir. Rəssamın obrazlar silsiləsi rəngarəng və canlıdır. O, yaratdığı obrazları əhatəsində təsvir etdiyi mühitlə düzgün əlaqələndirməyi bacarır. Bu cəhət Arif Hüseynovun folklor surətlərinin daha qabarıq və ifadəli təsir bağışlamasını şərtləndirir.
Son illərdə Arif Hüseynov mövzusu milli folklordan, eləcə də adət-ənənələrdən götürülmüş maraqlı obrazlar qalereyası yaratmışdır. Əsasən qrafik miniatür üslubunda işlənmiş bu rəsmlərdə milli folklorumuzun ayrı-ayrı qəhrəmanları gözlərimiz önündə canlanır. Rəssamın «Azərbaycan nağılı» və «Novruz silsiləsi» kimi rəsmlər qalereyası diqqəti daha çox cəlb edir. Onun onillər ərzində yaratdığı nağılvari, romantik dəst-xəttin yeni nümunələri olan bu rəsmlər məzmun, kolorit və bədii üslub baxımından bir-biri ilə əlaqələnir.
Arif Hüseynovun obrazlar silsiləsi həm konkret, həm də ümumiləşdirilmiş səciyyə daşıyır. Son dövrlərdə o, nağıllarımızın bir çox qəhrəmanlarının surətini yaratmışdır. Bu surətlərdən Məlikməmməd, Ağ atlı oğlan, Göyçək Fatma, Loğman, Tənbəl Əhməd və başqaları xüsusilə seçilir. Rəssam mövzu etibarilə ən müxtəlif obrazlara müraciət etmiş, qəhrəmanlıq, gözəllik, müdriklik, fəhm və fərasət mücəssəməsi olan surətlər yaratmışdır.
Surətlərin və ümumən kompozisiyanın kolorit xüsusiyyətləri də maraq doğurur. Bəlli olduğu kimi, dekorativ rəngarənglik, detal və elementlərin ayrı-ayrılıqda işlənilməsi, kölgə-işıq effektinin rəng tonları ilə əvəzlənməsi rəssamın bədii üslubunun əsas cəhətlərindəndir. Arif Hüseynov öz dəst-xəttinə sadiq qalmaqla bərabər, kompozisiyanın ekspressiyasını obrazların dinamikliyi vasitəsilə bir qədər də qüvvətləndirmiş, eyni zamanda rəsmə dərin humanist məzmun, xalq müdrikliyindən qaynaqlanın hikmətli pafos, mərdlik, cəsurluq elementləri daxil etmişdir. Bu xüsusiyyətlər Məlikməmməd, Ağ atlı oğlan, Loğman kimi surətlərdə daha dolğun və aydın sezilməkdədir.
Yuxarıda adları çəkilən folklor personajları, göründüyü kimi, konkret surətlər cərgəsinə daxildir. Bunlarla yanaşı, son illərdə rəssam ümumiləşdirilmiş, dərin milli məzmuna və koloritə malik obrazlar da yaratmışdır. Bədii üslub, kompozisiya həlli və kolorit baxımından ümumi dəst-xəttin davamı olan bu rəsmlərdə obrazlar qalereyasını Arif Hüseynov milli bayramlarımız, adət və ənənələrimiz müstəvisində təqdim edir. Şübhəsiz ki, bu baxımdan rəssamın «Novruz» seriyası daha çox diqqətəlayiqdir. Bu seriyaya son dövrlərin yaradıcılıq nümunələri olan «Su çərşənbəsi», «Simurq quşu», «Qulaq falı», «Kəndirbazlar», «Yumurta döyüşü» və s. rəsmlər daxildir. Milli kolorit və milli psixologiya üzərində bərqərar olan bu əlvan rəsmlərdə ümumiləşdirilmiş, folklor xarakterinə malik tipik obrazlar məcmusu öz əksini tapır.
Əməkdar rəssam İsmayıl Məmmədovun yaradıcılığı da Bakı və Abşeron tematikasını əks etdirməklə poetik folklor səciyyəsi daşıyır. O, milli koloriti lirik məzmunla çoxplanlı müstəvidə əlaqələndirməyi bacaran rəssamlarımızdandır. Yaradıcılığının böyük hissəsi Bakı, İçərişəhər tematikası ilə bağlı olan sənətkar həm də parlaq milli obrazlar yaratması ilə yaxşı tanınır. İşlədiyi surətlər tematika ilə sıx vəhdət təşkil edib rəsmin ideya və məzmununu şəxsiyyət timsalında, onun əhval-ruhiyyəsində, emosiyalarında, dünyagörüşündə əks etdirir.
İsmayıl Məmmədovun milli simvolik surətlər silsiləsində klassik dramaturgiyamızda yer alan unudulmaz, həmişəyaşar obrazların xüsusi payı vardır. Rəssamın teatr-dekor sənəti nümunəsi kimi düşünüb yaratdığı obrazlar - Məşədi İbad, Sərvər, Gülnaz və başqaları ölməz ədəbi surətlər şəcərəsi ilə əlvan və canlı etnoqrafizm qovşağında yerləşərək milli-dekorativ yönümlü müasir sənətə xüsusi rəng qatırlar.
Son olaraq vurğulamaq istərdik ki, çağdaş mədəniyyətdə böyük aktuallıq kəsb edən, özünün yeni dirçəliş və canlanma dövrünü yaşayan milli obrazlar böyük ideya-bədii məna yükü daşımaqla təsviri sənətin inkişafına xidmət göstərir. Rəssamların müraciət etdiyi bu mövzu mədəni siyasət sahəsində azərbaycançılıq ideyalarını yayaraq qloballaşan dünyada incəsənətimizi uğurla təmsil edirlər.

Elnur Hüseynov,
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar