Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Rəssamlar Assosiasiyasının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının fəxri üzvü Sakit Məmmədov “Euromedika-Hannover 2014” XIII beynəlxalq tibb konqresində Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki adına layiq görülüb. Rəssam dünya mədəniyyətinə və təsviri sənətə töhfəsinə görə bu adı qazanıb.
Sakit Məmmədov ATEA-nın akademiki, uşaq yazıçısı Solmaz Amanovanın ədəbi əsərlərinin anatomik terminologiyası mövzusunda şəkillər çəkən ilk rəssamdır. “Bakının qulaqları”, “Azıx mağarası”, “Nereida hippokampda”, “İncidilmiş mələk - ölümdən sonra həyat”, “Şopenin qızıl ürəyi haqqında əfsanə”, “Göz-qüllə”, “Yevstax borusu”, “Xirtdək”, “İbn Sina və inək” və s. əsərlər bu qəbildəndir.
Qeyd edək ki, azərbaycanlı rəssam indiyədək Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatına, “Leonardo da Vinçi” medalı, “Avropanın şərəfi” ordeni kimi təltiflərə də layiq görülüb. “Leonardo da Vinçi” medalı dahi rəssamın 550 illiyi şərəfinə BMT nəzdində Avropa Mükafatlar Komitəsi tərəfindən təsis edilib. Mükafat rəngkarlıq, heykəltəraşlıq, ədəbiyyat, habelə mədəniyyət və incəsənətin digər sahələrində sanballı əsərlərin yaradılmasına görə təqdim edilir.