TÜRKSOY-un rəsm kolleksiyasından seçilmiş nümunələr ilk dəfə İstanbulda sərgilənəcək

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY qardaş xalqların incəsənətinin təbliği məqsədi ilə daha bir layihəyə imza atacaq. Avqustun 16-da İstanbulda - Dolmabaxça Sarayının sənət qalereyasında TÜRKSOY-un zəngin rəsm kolleksiyasından seçilmiş nümunələrdən ibarət “Rənglərin ahəngi” adlı sərgi açılacaq. Türkiyə Böyük Millət Məclisi Milli Saraylar İdarəsinin dəstəyi ilə gerçəkləşən sərgidə türkdilli ölkə və diyarlardan 45 rəssamın əsərləri yer alacaq. Bu əsərlərdə türk dünyasının mövzuları rənglərin ahəngi ilə əks olunur.
Qeyd edək ki, 1997-ci ildən etibarən davamlı olaraq keçirilən TÜRKSOY “Rəssamlar görüşü”nün sonunda fırça ustalarının əl işlərinin bir qismi təşkilatın kolleksiyasına hədiyyə edilir. İndiyədək bu layihə 16 ölkədən 300-ə yaxın rəssamı bir araya gətirib və türk dünyasının mədəni zənginliklərini əks etdirən bənzərsiz bir kolleksiya toplanıb.
Ötən müddətdə müxtəlif sərgilərdə Nyu-Yorkdan Tehrana, Florensiyadan Rabata qədər minlərcə kilometr yol qət edərək 27 ölkə və 100-ə yaxın şəhəri dolaşan bu əsərlər ilk dəfə İstanbulda nümayiş olunacaq.
Avqustun 30-dək davam edəcək “Rənglərin ahəngi” adlı xüsusi sərgidə TÜRKSOY-un kolleksiyasından yer alan 2000-dən çox tablo arasından seçilmiş 80 əsər təqdim ediləcək. Dolmabaxça Sarayının sənət qalereyasında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İraq, Bosniya-Herseqovina, Bolqarıstan, Qaqauz yeri (Moldova), Şimali Kipr Türk Cümhuriyyəti, habelə Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Saxa (Yakutiya), Tuva, Çuvaşiya respublikalarından fırça ustalarının əsərləri sərgilənəcək.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar