Festival-sərgidə gənc heykəltəraşların hazırladığı Azərbaycanın və dünyanın 21 tarixi şəxsiyyətinin büstləri təqdim olunub
Avqustun 20-də İçərişəhərdəki Kiçik Qala küçəsində yerləşən açıq səma altında sərgi mərkəzində heykəltəraşlıq üzrə “Yaşayan tarix” adlı festival-sərgi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Azərbaycan incəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək, gənc və istedadlı heykəltəraşların üzə çıxarılması və tanıdılmasıdır. Həmçinin digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamlarla əlaqələrinin yaradılması, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı-ayrı yerlərində yerləşdirilməsinə kömək etmək də layihənin əsas məqsədlərindəndir.
Layihənin koordinatoru İsmayıl İsmayılov festival-sərgi haqqında ətraflı məlumat verərək bildirdi ki, Prezident yanında Gənclər Fondu bu cür layihələri mütəmadi olaraq dəstəkləyir və gənclərin inkişafına böyük yardım göstərir. Son bir ay ərzində Gənclər Fondunun maliyyə dəstəyi ilə ikinci belə tədbir keçirilir. Gənc rəssamlara yaradıcılıq uğurları arzulayan İ.İsmayılov gələcəkdə də bu tipli layihələrin davamlı olacağını vurğuladı.
Festival-sərginin münsiflər heyətinin üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu tipli layihələr gənc heykəltəraşların inkişafına, onların tanıdılmasına təkan verəcək: “Gənc istedadlı insanların tanıdılması üçün bir çox layihələr həyata keçirilir. Amma bu cür festival-sərgi ilk dəfədir təşkil olunur. Ümid edirəm ki, bu tip sərgilər, festivallar davamlı olacaq”.
Münsiflər heyətinin digər üzvləri - Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və Dövlət Rəssamlıq Akademiyasının müəllimi, heykəltəraş Natiq Əliyev çıxışlarında belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini bildirdilər. Qeyd olundu ki, festival-sərgidə iştirak edən hər bir gənc heykəltəraşın böyük istedadı var və təqdim olunan əsərlər peşəkarlıqla hazırlanıb.
Qeyd edək ki, “Yaşayan tarix” layihəsi Prezident yanında Gənclər Fondunun V qrant müsabiqəsinin qalib layihəsidir. Layihədə iştirak etmiş 17 heykəltəraşın bir ay ərzində hazırladığı Azərbaycanın və dünyanın 21 nəfər tarixi şəxsiyyətinin büstləri sərgilənir.
Nümayiş olunan əsərlər arasında Babək, Molla Pənah Vaqif, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Niyazi, Milli Qəhrəman Mübariz İbrahimov, həmçinin Leonardo da Vinçi, Albert Eynşteyn, Mahatma Qandi, Aleksandr Sergeyeviç Puşkin və digər tarixi şəxsiyyətlərin portretlərini görmək olar.
Sonda qaliblərin adları açıqlandı. Milli Qəhrəman Mübariz İbrahimovun büstünə görə Vüqar İmamquliyev birinci, Xalq şairi Xəlil Rza Ulutürkün büstünə görə Kamran Əsədov ikinci, Xalq rəssamı Toğrul Nərimanbəyovun büstünü hazırlayan Süleyman Rüstəmov isə üçüncü yerə layiq görüldü. Qaliblərə diplomlar və qiymətli hədiyyələr verildi. Eyni zamanda bütün iştirakçılara sertifikatlar təqdim olundu.
Fariz Hüseynov