“Sənətdə əsl fədakarlar, onu dəlicəsinə sevənlər qalır”
Zərif, incə. Zərifliyi qədər də güclü, mərd və sədaqətli. Çünki o, ilk növbədə anadır. Müasir Azərbaycan qadını həm qayğıkeş ana, həm də həyatın müxtəlif sahələrində çalışan, dövlətinə, xalqına xidmət edən vətəndaşdır.
Onun cəmiyyətdə özünəməxsus rolu, mövqeyi var. İncə duyğuların daşıyıcıları olan bu zəriflər müxtəlif sahələrdə çalışmalarına baxmayaraq, ürəklərinin səsini, öz duyğularını sözdə, musiqidə əks etdirməyə də imkan tapır, xalqımızın qədim el sənətləri ilə məşğul olaraq bu duyğuları öz əl işlərində gələcək nəsillərə ötürürlər.
Həmsöhbətimiz də ixtisasca musiqiçi olmasına baxmayaraq, həm bədii sənətin müxtəlif növləri ilə məşğul olur, həm də yaşadığı hissi, duyğunu misralarda əks etdirir, könül dünyasının səsini şeirlərə çevirir:
Sevirəm həyatı, yaşamağı mən,
Yazıb-yaratmağa səsləyir ürək.
Musiqi, şeirlə günüm bəzənər,
İncə sənətimlə illər ötüşər.
Bu sətirlərin müəllifi, vətəninin əsrarəngiz təbiətini qurama, rəsm, kvillinq, karvinq və s. bədii sənət nümunələrində canlandıran Mahirə Quliyeva təcrübəli pedaqoq, istedadlı musiqiçidir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan sinfində təhsil alıb. Hazırda Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğuldur. Bu günlərdə onunla görüşüb musiqi dünyasına, sənət aləminə birgə səyahət etdik.
Həmsöhbətim bildirdi ki, incəsənətin müxtəlif sahələrinə marağı ailəsindəki yaradıcı atmosferdən qaynaqlanıb. Atası Ələkbər Əsgərov balabanda, neydə və tütəkdə dövrünün ən virtuoz ifaçılardan olub. Həm atası, həm də anası Nəsibə xanım övladlarının estetik zövqlərinin formalaşması üçün onların müxtəlif sahələrə maraq göstərmələrinə mane olmayıb, əksinə, bu yolda onlara dəstək veriblər.
- Mahirə xanım, necə oldu ki, bədii sənətə meyl etdiniz?
- Uşaqlıqdan müxtəlif əl işlərinə həvəs göstərirdim. Tikmələr, müxtəlif kompozisiyalar yaratmaq çox xoşuma gəlirdi. Həmişə anama əl işlərimdən ibarət hədiyyələr hazırlayardım. Bunlar rəngli saplardan tikmələr, kağızlardan kompozisiyalar və s. olurdu. Kvillinq (rəngli kağızlardan müxtəlif fiqurların hazırlanması) sənəti ilə dörd il əvvəl, boş vaxtlarımda məşğul olmağa başladım. Bu sənətin oxşar bir parçası olan karvinqə də marağım böyükdür. Karvinq meyvələrdən müxtəlif fiqurların yaradılmasıdır. Hər ikisində təbiəti əks etdirmək mümkündür.
- Uşaqlıqdan əl işlərinə, rəssamlığa maraq göstərsəniz də, ixtisasca musiqiçi oldunuz. Niyə rəssamlığı deyil, musiqini seçdiniz?
- Rəsmə də həvəsim vardı. Bacım da rəssamdır. Ümumiyyətlə, ailəmizdə incəsənətə böyük maraq var. Atam ifaçılıqla yanaşı, şeirlər də yazardı. Baxmayaraq ki, həmin şeirlər bu günə qədər sandıqda qalıb. Anam da şeirlər yazır. Məni musiqiyə valideynlərim yönəltdi. İlk musiqi təhsilimi Bakıdakı 1 saylı musiqi məktəbində almışam. Oranı əla qiymətlərlə bitirdiyim üçün belə qərara gəldik ki, sənəti davam etdirim.
- Bəs kvillinqlə məşğul olmaq sizə nə verir?
- Bu sənət ilk növbədə mənə zövq verir. Hazırladığım tablolarda öz fikirlərimi, düşüncələrimi əks etdirir, duyğularımı sənət vasitəsilə çatdırıram.
- Bu sənətin tarixi, özəllikləri barədə nə deyərdiniz?
- Oxuduğum məlumatlara görə, karvinq sənəti Cənub-Şərqi Asiyadan - Tailanddan gəlir. Ancaq bəzi mənbələrdə qeyd olunur ki, karvinq əvvəlcə Çində yaranıb. Kvillinq sənəti isə adi kağızların burulması yolu ilə hazırlanan çox incə və gözəl əl işləridir. Bu sənət növü XIV əsrin sonu - XV əsrin əvvəllərində Avropada yaranıb. Uzun zaman keçməsinə baxmayaraq, dövrümüzə qədər gəlib çatıb. Hazırda İngiltərədə, Almaniyada, Koreyada kvillinq hobbi kimi çox populyardır. Amma mən uşaqlıqdan sənətlə məşğul olsam da, bunların adını, hansı sənət olduğunu bilmirdim. Məsələn, muncuqlarla müxtəlif naxışlar, əl işləmələri, saplarla parça üzərində təbiət təsvirləri yaradırdım. Bəzən çoxları bu tikmələrin mənə aid olduğuna inanmırdı. Bütün işlərimdə daha çox təbiət nümunələri əks olunur. Yəqin ki, bu da təbiətə vurğunluğumun təzahürüdür.
- Yaratdığınız nümunələri sərgilərə, satışa çıxarırsınızmı?
- Bu günə qədər hazırladığım nümunələrin heç birini satış naminə yaratmadım. Sadəcə, hərdən kiməsə hədiyyə edirəm. Gələcəkdə bəlkə sərgilərdə də iştirak edərəm.
- Emalatxana açmaq, sənət üzrə dərnəklər təşkil etmək fikriniz varmı?
- Ümumiyyətlə, hər bir sahədə inkişaf gözəl nümunədir. İnşallah, imkan olarsa, bunu reallaşdırmaq mümkündür. Mən hər cəhətdən çalışmağı çox sevirəm.
- Bir az da pedaqoji fəaliyyətinizdən danışaq...
- Müəllimlik sənətini də, şagird və tələbələrimi də çox sevirəm. Rəssamlığın müxtəlif növləri ilə məşğul olmağıma baxmayaraq, mənim əsl sənətim musiqidir.
- Tələbələrinizin ciddi musiqiyə marağı sizi qane edirmi?
- Düzünü desəm, qane etmir. Müasir gənclik ciddi musiqiyə az meyl edir. Düzdür, dərs dediyim Milli Konservatoriyada muğama üstünlük verən gənclərimiz çoxdur. Amma klassik, ciddi musiqiyə də diqqət lazımdır. Bizim musiqi təhsilimiz hər zaman üstün olub. Məncə, əvvəlki illərə nisbətən son dövrdə klassik musiqiyə maraq azdır. Musiqi təhsili alan şagird və tələbələrin əksəri sonradan tamamilə başqa sahələrdə çalışırlar. Sənətdə isə əsl fədakarlar, onu dəlicəsinə sevənlər qalır.
- Asudə vaxtlarını bədii sənətə həsr edən xanımlara ürək sözləriniz...
- Müxtəlif sənət növləri ilə məşğul olan bütün xanımlara səbir və uğurlar arzulayıram. Sənətlə məşğul olmaq gözəllikdir, xüsusən də ana Vətəninin təbiətini sənətə köçürəndə bu ikiqat gözəllikdir. Hər bir qadına səadət və təbiətin rəngləri kimi parlaq, təmiz və rəngarəng həyat arzulayıram.
Lalə Azəri