Sentyabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Dostluq sərgisi”nin açılışı oldu.

Tədbiri giriş sözü ilə açan Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova gənc rəssamların əl işlərini yüksək qiymətləndirdi. Bildirdi ki, onların dünyaya baxışı, sənət duyumu və rəng seçimi qeyri-adidir. Həvəskar rəssamlar arasında fiziki qüsurlu insanların olduğunu da vurğulayaraq bildirdi ki, böyük ürəyə, istedada malik bu insanlara kömək etmək, onların tanıdılmasına yardım etmək hər birimizin borcudur.
Daha sonra çıxış edən rəssam Şəmsəddin Böyükdüzlü də gənclərin yaradıcılığından bəhs etdi. Qeyd etdi ki, onlar öz əsərlərində sülhün, əmin-amanlığın və dünyada ədalətin bərqərar olmasını öz fırçalarının “dili” ilə deməyə çalışıblar. O, gənc rəssamlara gələcək işlərində uğurlar arzu etdi.
Qeyd edək ki, sərgidə Şəmsəddin Böyükdüzlünün və onun tələbələrinin, eləcə də fiziki qüsurlu gənc həvəskar rəssamların əl işləri nümayiş olunur. Ramil Əhmədov, Rəna Vəlibəyova, Adilə Qəhrəmanova, Elnarə İsgəndərova, Şəhanə Əmrahova, Kəmalə Əsgərova, Aysel Atakişiyeva, Ceyhun Ənvərzadə, Lalə Quliyeva, Aysel Camal və başqalarının əsərləri maraqla qarşılandı.
Ekspozisiyada ümumilikdə 22 rəssamın 100-dən artıq yağlı boya, sulu boya, karandaş və qarışıq texnikalarda işlənilmiş rəsmi yer alıb. Bu sırada “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Nur yolu”, “Yarın qalmış əsər”, “Dərdli laləgül”, “Cənnət və kainat”, “Nakam sevgi”, “Günahkar”, “Dalğaların rəqsi” və s. əl işlərini qeyd etmək olar.
Sentyabrın 20-dək davam edəcək “Dostluq sərgisi”ndə nümayiş olunan əsərlərin satışı da keçirilir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar