Sentyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyinin Yaponiyanın ölkəmizdəki səfirliyi və Yaponiya Fondu ilə birgə ərsəyə gətirdiyi “Şaraku müasir yapon rəssamların interpretasiyasında” adlı sərgi açıldı. Sərgi XVIII əsrin sonu - XIX əsrin əvvəlində yaşayıb-yaratmış yapon rəssamı Toşusai Şarakunun yaradıcılığına həsr olunub.
Muzeyin direktoru Çingiz Fərzəliyev açılışda çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, sərgidə Yaponiyanın Edo dövrünə (XVII-XIX əsrlər) aid sənət nümunələri müasir interpretasiyada təqdim olunur.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi sərginin Azərbaycanda gerçəkləşməsindən məmnunluğunu bildirdi və layihənin həyata keçməsinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Milli İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi. Səfir sərgi haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı. Diplomat Azərbaycanla Yaponiya arasındakı əlaqələrin, müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini vurğuladı. Nazir müavini ölkələrimizin diplomatik əlaqələrinin qurulmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın ölkəmizdəki səfirliyi, Yaponiya Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə 2012-ci ilin fevralında təşkil edilən və üç ay davam edən “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı sərginin böyük marağa səbəb olduğunu xatırlatdı. Hazırkı sərginin də maraqla qarşılanacağına əminlik ifadə olundu.
Sevda Məmmədəliyeva Yaponiya Fondu haqqında məlumat verərək bildirdi ki, qurum Yaponiya ilə digər ölkələr arasında ikitərəfli anlaşmanın dərinləşməsi məqsədilə, mədəniyyət sahəsində müxtəlif növ mübadilələrin təbliği ilə məşğul olur, o cümlədən xarici muzeylərlə əməkdaşlıq edərək yüksək səviyyəli səyyar sərgilər təşkil edir. Sərginin təşkilinə görə Yaponiya Fonduna və Yaponiyanın ölkəmizdəki səfirliyinə minnətdarlıq edən nazir müavini mədəniyyət sahəsində tədbirlərin əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratdığını dedi.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yapon incəsənətini əks etdirən sərgini Bakının mədəni həyatında mənalı hadisə kimi dəyərləndirdi.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgi 3 hissədən ibarətdir - “Şarakunun reproduksiyaları”, “Şaraku qrafik incəsənətdə” və “Şarakuya ehtiram”. Sərgi yaponiyalı 28 qrafik dizaynerin və 11 rəssamın iki əsr əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən Şarakunun işləri üzərində həyata keçirdiyi bir sınaqdır. Sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 poster, rəsm və iriölçülü sənət əsərləri nümayiş olunur.
Toşusai Şaraku ənənəvi yapon teatr sənəti kabuki və kyogen aktyorları, sumo döyüşçülərinin portretləri ilə şöhrət qazanıb. Onun yaratdığı portretlər öz universallığı ilə seçilir və hər portretdə təsvir olunan obrazın sərtliyi, obraza məxsus fərdi ifadə əks etdirir. Şaraku Yaponiyada və Yaponiyadan kənarda ukiyo-e janrının dahi sənətçisi kimi tanınır. Sərgidə Şarakunun əsərləri ilə yanaşı, 39 yapon rəssamının rəsmləri də nümayiş olunur. Bu əsərlər müəlliflərin qədim incəsənətdən ilham alaraq yaratdıqları müasir sənət nümunələridir. Sərgi oktyabrın 12-dək davam edəcək.
Lalə Azəri