Bakıda Qafqazın və Mərkəzi Asiyanın ənənəvi toxuculuq irsi nümunələri nümayiş olunur

Oktyabrın 10-da Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək Yolunun irsi” mövzusunda sərginin açılışı oldu. Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin fondundan nümunələr yer alıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətindən danışaraq tarixi İpək Yolu ölkələrinin zəngin mədəni irsi olduğunu dedi. Qeyd olundu ki, bu gün İpək Yolu bir çox beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu sərgi də mədəniyyət və turizm üçün cəlbedici bir addımdır.
Sərginin təkcə İpək Yolu coğrafiyasına aid ölkələrdə deyil, Avropada da təşkil edildiyini xatırladan nazir bununla da bu ölkələrin mədəniyyətinin bir daha dünyaya tanıdıldığını bildirdi. Böyük İpək Yolunun tarixi missiyası sayəsində Asiya və Qafqaz xalqlarının etnomədəni proseslərə güclü təsir göstərdiyi vurğulandı.
Əbülfəs Qarayev sərginin keçirilməsində göstərilən köməyə görə Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin əməkdaşlarına və Azərbaycanın Sankt-Peterburqdakı konsulluğuna təşəkkürünü bildirdi: “Azərbaycan və Rusiya arasında hər zaman dostluq əlaqələri olub və bu gün də mədəniyyət sahəsində bu əlaqələr inkişafdadır. Muzeylər arasındakı əlaqələr də mədəniyyətlərarası dialoqa bir körpüdür”. Nazir sərginin hər iki ölkənin muzeyləri arasında daha sıx əlaqələrə zəmin yaradacağına ümidvar olduğunu bildirdi.

Sankt-Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin elmi işlər üzrə direktor müavini Yelena Gerasimenko muzeyin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, sərgidə 400-dən çox eksponat, o cümlədən toxuculuq alətləri və dəzgahları, xalq geyimləri, interyer əşyaları, müxtəlif parça nümunələri, xalçalar və tikmələr, toy mərasimi atributları nümayiş etdirilir. Sərginin əsas vəzifələrindən biri Orta Asiya və Qafqaz ərazilərində digər bədii məmulatların istehsalı ilə bərabər inkişaf etmiş tekstil sahəsinin də zənginliyini göstərmək, ipək parçaların bayram və mərasim, sosial münasibətlərdə yerli xüsusiyyətlərini əks etdirməkdir. Toxuculuq işinin regional spesifikası haqqında təsəvvür yaratmaq və region xalqlarının mədəniyyətinin müqayisəsini göstərmək də sərginin əsas vəzifələrindədir.
Rusiyalı qonaq sərginin təşkilinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə və Muzey Mərkəzinə minnətdarlığını bildirdi, sərgini ölkələrimiz arasında dostluğa nümunə kimi dəyərləndirdi.
Sərgidə Qafqaz və Mərkəzi Asiya xalqlarının toy mərasimlərinin unikal atributları, qurama pərdələr, hədiyyə əşyaları və s. nümayiş olunur. Bu eksponatları xalq sənətinin əsl inciləri adlandırmaq olar.
Qeyd edək ki, bu nümunələr 2012-ci ildə İspaniyanın Valensiya şəhərində, 2014-cü ilin yayında isə Qazaxıstanın paytaxtı Astanada sərgilənib. Bakıdakı sərgi noyabrın 8-dək davam edəcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar