Estoniya Milli Opera Teatrının konsert zalında “Etoile Ballet Gala” adlı qala-konsert keçirilib. Konsertdə dünya balet ulduzları, məşhur balet truppalarının nümayəndələri çıxış ediblər. Azərbaycanın Estoniyadakı səfirliyindən verilən xəbərə görə, qala-konsertin iştirakçıları arasında azərbaycanlı - Rudolf Nureyev adına XVI beynəlxalq balet festivalının laureatı və Budapeştdə keçirilmiş XVIII beynəlxalq qala-konsertin xüsusi mükafatının sahibi, istedadlı rəqqas Ülvi Əzizov da olub.
Konsertin proqramına “Paris alovu”, “Yatmış gözəl”, “Sonalar gölü”, “Don Kixot”, “Esmeralda” və digər baletlərdən məşhur partiyalar daxil edilib.
Azərbaycan səfirliyi tədbirin təşkilinə kömək göstərib. Gecənin qonaqları, “Don Kixot” baletindən klassik partiya ilə yanaşı, milli Azərbaycan rəqsini də ifa edən Ülvi Əzizovun ustalığını xüsusi qeyd ediblər.