Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun yaradıcılığında milli-tarixi tematika
Müasir Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) yaradıcılığı geniş və çoxşaxəlidir. Əsasən dəzgah rəngkarlığı sahəsində fəaliyyət göstərmiş sənətkar böyük yaradıcılıq yolu keçmişdir.
Əyyub Hüseynov sənətə ötən əsrin 30-cu illərində qədəm qoyub. Bu, həmin o dövr idi ki, Azərbaycanda peşəkar realist incəsənətin təməli qoyulmuşdu və artıq kifayət qədər tanınan gənc, istedadlı rəssamlar nəsli yetişmişdi. Salam Salamzadə, Tağı Tağıyev, Baba Əliyev, Davud Kazımov, Əyyub Məmmədov, Sadıq Şərifzadə, İsmayıl Axundov, Əbdülxalıq, Maral Rəhmanzadə və bir çox başqalarının yaradıcılığı bu illərdə yetkinləşmiş, realist sənətin bədii-estetik və ideoloji əsasları həmin dövrdə formalaşmışdı. Bu rəssamlarla təxminən eyni dövrdə böyük sənət yollarına qədəm qoyan Əyyub Hüseynov da öz yaradıcılığında realizm prinsiplərini əsas götürmüş, lakin fərqli, zəngin koloritə malik dəst-xətt nümayiş etdirmişdir.
Rəssamın tematikası kifayət qədər genişdir. Əyyub Hüseynov zəhmət və kənd mövzularında rəngarəng tablolar yaratmış, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət etmiş, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirmişdir.
Zaman etibarilə Əyyub Hüseynovun yaradıcılığını üç dövrə bölmək olar: sənət fəaliyyətinə başladığı erkən (30-50-ci illər), yaradıcılığının məhsuldar mərhələsi olan inkişaf (60-80-ci illər) və bədii sənətkarlıq baxımından cilalanmış yetkin dövrü (80-90-cı illər). Bu dövrlərin hər birinin özünəməxsus cəhətləri, sənət dünyagörüşü, bədii üslub xüsusiyyətləri olmuşdur.
Əyyub Hüseynovun yaradıcılığının erkən dövrü onun Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı illərdən başlanır. O, 1931-ci ildə texnikuma daxil olmuş, buranı bitirdikdən sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyən Əyyub Hüseynov müxtəlif tamaşalar üçün dekorasiya və eskizlər hazırlayır. Lakin rəssam kimi dəzgah rəngkarlığına daha çox meyl edirdi.
Yağlı boya ilə çoxlu sayda mənzərə, məişət-tematik və digər mövzularda əsərlər yaradan rəssamın yaradıcılığında milli-tarixi tematika mühüm yer tutur. Daha çox mənzərəçi, portretçi rəssam kimi tanınsa da, tablolarında bu tematika olduqca ifadəli, təsirli məzmuna, dərin məna yükünə, ciddi ideya-bədii tutuma malikdir. Bu yazıda sənətkarın milli-tarixi mövzuda əsərlərindən, onların yeni dövrdə təfsirindən söhbət açmaq istəyirik. Qeyd edək ki, Əyyub Hüseynovun yaradıcılığının bu sahəsi müasir sənətşünaslıqda az tədqiq olunmuşdur.
Ötən əsrin 30-40-cı illəri Azərbaycan təsviri sənətində tarixi-ideoloji istiqamətin dəstəkləndiyi, təbliğ olunduğu dövr idi. Təsadüfi deyil ki, həmin illərdə təhsil alan gənc rəssamların əksəriyyəti yaxın keçmişin inqilabi mübarizəsini əks etdirən tablolar işləyir, diplom işlərində, sərgilərdə daha çox bu mövzuya üstünlük verirdilər. Bununla yanaşı əmək mövzuları, kənd zəhmətkeşlərinin, fəhlələrin, neftçilərin fədakar əməyini, inşaatçıların qurub-yaratdığı möhtəşəm sənaye obyektlərini təsvir edən əsərlər də geniş yayılmışdı. Realizm cərəyanının mühüm tərkib hissələri olan və incəsənət tarixinə tarixi-inqilabi, sənaye janrı kimi daxil olan bu janrlara həmin dövrdə rəssamlarımızın böyük əksəriyyəti müraciət edirdi. İdeya-bədii baxımdan bəzi məhdud cəhətlərinə baxmayaraq etiraf etmək lazımdır ki, müasir təsviri sənətin möhtəşəm təməlinin qoyulmasında bu realist sənət nümunələrinin böyük rolu olmuşdur. Həmin əsərlərin bir çoxu bu gün də XX əsr Azərbaycan təsviri sənətinin qiymətli nümunələri cərgəsindədir.
Əyyub Hüseynovun yaradıcılığının erkən mərhələsi məhz bu dövrə təsadüf edirdi. İlk baxışda sadə görünən, lakin daxilən narahat, ideyaca təlatümlü olan bu dövr müxtəlif traktovkalara, ideya-estetik yozumlara yol açan əsərlərin meydana gəlməsinə səbəb olurdu. Həmin dövrdə Əyyub Hüseynov da tarixi-inqilabi janra müraciət edərək bir sıra dəyərli əsərlər yaratdı. Bu əsərlərin bəziləri ideoloji baxımdan bu gün əhəmiyyətsiz təsir bağışlaya bilər. Lakin bəzi başqa sənətkarlar kimi Əyyub Hüseynov tarixi-inqilabi mövzuda yaratdığı əsərlərinə «ikinci yozum», «sətiraltı məna» daxil etmiş, onları hələ o zaman bu günün tələbləri səviyyəsinə uyğunlaşdırmışdı. Bu, onun vətənpərvərlik duyğularından qaynaqlanır, doğma torpağa bağlılıq hisslərindən irəli gəlirdi.
Rəssamın tarixi-inqilabi mövzuda işlədiyi əsərlərdən biri «Bakıda nümayiş» adlanır. Əsərdə qaragüruhçu üsuli-idarənin ölkədə qanlı terror rejimi yaratmasından narazı olan, polis, jandarm özbaşınalığına etiraz edən zəhmətkeşlərin dinc nümayişi təsvir edilir. Ön sırada gedən Bakı fəhlələrinin qətiyyətli görünüşü onların haqq işi yolunda sonadək mübarizə aparmaq əzmində olduğunu dolğun və inandırıcı şəkildə əks etdirir. İzdihamın kənarında qadın, qoca, uşaq surətləri diqqəti cəlb edir. Bu koloritli obrazları kompozisiyaya daxil etməklə rəssam əsərin dinamikliyini, bədii təsir gücünü artırır, eyni zamanda inqilabi çıxışın geniş xalq kütlələri tərəfindən dəstəklənməsini, rəğbətlə qarşılandığını əks etdirir. Bir qədər arxada isə atlı polislər əllərindəki dəyənəklərlə fəhlələri vurur, izdihamı dağıtmağa çalışırlar. Real tarixi hadisələri əks etdirən bu dramatik, çoxfiqurlu tabloda hadisələr şəhərin mərkəzində, Nizami küçəsində cərəyan edir. Arxa planda Opera və Balet Teatrının binası, ətrafdakı yaşayış binaları və s. görünür. Əyyub Hüseynov hadisələri kortəbii inqilabi çıxışlar fonunda əks etdirməklə əslində Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini göstərməyə çalışmış və buna nail olmuşdur. Milli xarakterlərin üstün olduğu tabloda xalq hərəkatının dramatik mənzərəsi öz əksini tapır.
Qeyd etmək lazımdır ki, Əyyub Hüseynov tarixi mövzuya yaradıcılığının sonrakı dövrlərində də müraciət etmişdir. Lakin sənətkar hər dəfə tarixi hadisələrə milli dünyagörüşü kontekstində yanaşmış, hadisələrin traktovkasını artıq o dövrdə şüurlarda cücərməyə başlamış azərbaycançılıq ideologiyası müstəvisində təsvir etməyə təşəbbüs göstərmişdi. Bu da təsadüfi deyildi. 1969-cu ildə respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev qanunçuluğu, iqtisadi inkişafı, sosial rifahın yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığı kimi, xalqının milli şüurunun, azərbaycanlı özünüdərkinin inkişafına, milli-mənəvi intibaha da böyük önəm verirdi. Bu məqsədlə Heydər Əliyev sənət xadimlərinə - yazıçılara, bəstəkarlara, rəssamlara, aktyor və rejissorlara böyük qayğı göstərir, onlara məhz milli kontekstdə bədii obrazlar yaratmaq lazım olduğunu tövsiyə edirdi.
Əyyub Hüseynovun tarixi-inqilabi mövzuda yaratdığı ən dəyərli əsərlərindən biri «26-ların dəfni» kompozisiyasıdır. Əsər 1969-cu ildə yaradılmışdır. Olduqca dramatik, gərgin, ekspressiv süjet xəttinə malik bu tabloda rəssam daşnak-bolşevik qüvvələrinin buyruğu ilə fəaliyyət göstərən 26 komissar mövzusunu zahirən dövrün ideoloji tələblərinə uyğun surətdə təsvir etmişdir. Lakin artıq o zaman ictimai mühitdəki dəyişiklikləri həssaslıqla görüb duyan sənətkar mövzuya fərqli yanaşma tərzi nümayiş etdirməyə müvəffəq oldu. Tablo hər şeydən öncə 1918-19-cu illərdə bolşevik və daşnakların törətdiyi saysız-hesabsız cinayətlərin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin, faciələrin ümumiləşdirilmiş bədii simvoludur. Təsadüfi deyil ki, komissarların əksəriyyəti qeyri-azərbaycanlı olduğu halda Əyyub Hüseynov əsərin təfsirini sırf milli dəyərlərə istinad edərək qurmuşdur. Ön planda tabut önündə əyləşmiş qara çadralı, ağsaçlı qadın (Əzizbəyovun anası) milli-azadlıq mücadiləmizdə canlarını qurban vermiş qəhrəmanlarımıza yas tutan müqəddəs ana obrazını simvolizə edir. Bu əsərdə azərbaycançılıq məfkurəsi, milli əhval-ruhiyyə o qədər güclüdür ki, onda ifadə olunan dərin kədər 20 Yanvar faciəsi ilə assosiasiya oluna bilər.
Xatırladaq ki, hər hansı bir ideya-bədii dəst-xəttin həqiqi mənasının üzə çıxması, tarixin gedişində əsl mahiyyətini kəsb etməsi bir çox əsərlər üçün xarakterikdir. Böyük dramaturq Cəfər Cabbarlının «1905-ci ildə» pyesi bu gün öz həqiqi, milli mahiyyətini «örtüksüz» göstərməklə ədəbiyyatşünaslarımız tərəfindən qarşımızda tamamilə yeni yozumda təcəssüm etdirilir. Ölməz bəstəkarımız Qara Qarayevin 26-ların xatirəsinə həsr etdiyi “Elegiya” bu gün şəhidlərimizin matəm melodiyası kimi səslənməkdədir. Həqiqi sənət əsərinin öz həqiqi mahiyyətini tapması milli mədəniyyətimizin zənginləşməsinin və yeniləşməsinin bariz nümunəsidir. Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun «26-ların dəfni» tablosu da bu kontekstdə təfsir olunmağa layiqdir.
Milli-azadlıq hərəkatının ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin bədii əksi Əyyub Hüseynovun yaradıcılığında önəmli yer tutur. Yaxın tariximizin bu qanlı səhifəsi rəssamın dramatik təsir bağışlayan «Bakıda 20 Yanvar faciəsi» tablosunda məharətlə təsvir olunmuşdur. Bu tablo rəssamın milli-tarixi mövzuda işlədiyi yaradıcılıq nümunələrinin məntiqi davamı olub xalqımızın bir əsrdən artıq davam edən müstəqillik istəyini və bu müqəddəs istək uğrunda tökülən şəhid qanlarını gerçəkliyi ilə əks etdirir.
Əsərin kompozisiyası gərgin dramatik səpkidə qurulmuşdur. Tünd boyalarla işlənmiş əsərdə bir həyəcan, dərin emosional əhval-ruhiyyə yaşanmaqdadır. İlk baxışda tamaşaçıya elə gəlir ki, tabloda bir qarışıqlıq, xaos hökm sürür. Lakin diqqət yetirdikdə kompozisiyanın ciddi, düşünülmüş ahəngdarlığa malik olduğu anlaşılır. Rəssam xalqın qəzəbini, haqq işinə inamını, əqidəsi yolunda canından belə keçməyə hazır olmasını aydın, inandırıcı surətdə əks etdirib. Kompozisiyanın ön hissəsində həlak olmuş və yaralanmış insanlar, yaralılara yardım etməyə çalışan əhali kütləsi görünür. İnsanlar qəzəblə əllərini qaldıraraq şəhərin mərkəzi küçələri ilə şütüyən, ətrafa ölümsaçan tanklara öz nifrətini, etirazlarını bildirirlər. Tanklarla qarşı-qarşıya, tablonun sol hissəsində üçrəngli Azərbaycan bayrağı görünür. Bayrağı tanklara qarşı qoymaqla rəssam zülm ilə ədalətin çarpışmasını simvolik ifadə vasitələri ilə əks etdirir, sonda ədalətin zəfər çalacağı inamını ifadə edir.
Əyyub Hüseynovun müraciət etdiyi milli-tarixi tematika coşqun, ekspressiv, çoxfiqurlu kompozisiya həllinə, zəngin, bəzən tünd boyalarla işlənmiş kolorit xüsusiyyətlərinə, dramatik əhval-ruhiyyəyə malikdir. Bu rəsmlərin müasir ideya-estetik dünyagörüşü prizmasından təhlili sübut edir ki, rəssam tarixi mövzuya müraciət etdikdə ilk növbədə milli tematikanı göz önünə gətirmiş, Azərbaycan xalqının taleyüklü tarixi səhifələrini dolğun kompozisiya, zəngin bədii obrazlar vasitəsilə əks etdirməyə çalışmış, başlıcası isə, bu məsələyə sırf azərbaycançılıq mövqeyindən yanaşmışdır. Bunun ən bariz nümunəsi kimi rəssamın yaratdığı surətlərin milli xarakterini göstərmək olar. Rəssam tarixi-inqilabi, milli-tarixi mövzularda əsər işləyərkən diqqətini bilavasitə milli xarakter üzərində cəmləşdirmiş, canlı, dolğun azərbaycanlı surətləri yaratmışdır. Bu isə süjetin görünən tərəfindən, zahiri mövzu və məzmundan asılı olmayaraq onun tablolarının əsl mahiyyətini, milli dəyərlərə istinad etdiyini üzə çıxarır. Əyyub Hüseynovun 40-50 il və daha öncə yaratdığı tablolara diqqət yetirərkən bu həqiqət bir daha gözlərimiz önündə canlanır. Əminliklə təsdiq etmək mümkündür ki, rəssamın azərbaycançılıq ideyalarından qaynaqlanan milli-tarixi tematikası öz həqiqi təhlil-tədqiq konsepsiyasını məhz günümüzdə almışdır.
Elnur Hüseynov,
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru