Oktyabrın 21-də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən "Akvarel" rəsm müsabiqəsinin yekun sərgisi açıldı.

Açılışda çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirdi ki, 2014-cü ilin əvvəlində Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqəsi elan edilib. Müsabiqənin yekunu yay aylarına planlaşdırılsa da, kifayət qədər əsər təqdim edilmədiyi üçün müsabiqənin müddəti uzadıldı. Direktor həmçinin qeyd etdi ki, uzun fasilədən sonra ilk dəfə rəssamların sulu boya ilə (akvarellə) işlənmiş əsərlərinin sərgisi təşkil edilir: “Düşünürəm ki, sərgi bu yolda yaşıl işıq olacaq və ilk addımı davam etdirəcəyik”.
Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov müsabiqəyə təqdim olunan əsərlər arasında maraqlı nümunələr olduğunu diqqətə çatdırdı. Bildirdi ki, müsabiqəyə 450-dən artıq əsər təqdim edilib və 106 əsər seçilərək sərgiyə çıxarılıb. Bu əsərlərdən 13-ü mükafata layiq görülüb. Sektor müdiri seçilən rəsmlərin beynəlxalq sərgilərdə ölkəmizi təbliğ etmək səviyyəsində olduğunu qeyd etdi.
Müsabiqənin münsiflər heyətinin sədri Xalq rəssamı Arif Hüseynov bildirdi ki, 450 əsər içərisindən ən yaxşı nümunələr tamaşaçıların ixtiyarına verilib: “Əsas məqsəd akvareli təmiz işləyən rəssamların əsərlərini seçmək idi. Rəssamlar bilirlər ki, ilk addımlarımızı akvarellə atırıq, sonra isə hər kəs öz yolunu seçir. Amma etiraf etməliyik ki, rəssamlıqda ən çətin yol akvarellə çəkilən əsərlərdir. Azərbaycan təsviri sənətində bu sahədə öz sözünü deyən rəssamlarımız az deyil. Onların davamçılarının əsərləri bu salonda nümayiş olunur”.
Sonra müsabiqənin qalibləri mükafatlandırıldı. 3 əsas və 10 həvəsləndirici mükafat sahiblərinə təqdim edildi. 1-ci yerin qalibi Çingiz Əzizov, 2-ci yerin sahibi Bəxtiyar Yusifov, 3-cü mükafatçı isə Nəzakət Əhmədova oldu.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar