Oktyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi açıldı.
Tədbiri giriş sözü ilə açan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev rəssamın sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından bəhs etdi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Arif Ələsgərovun Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə böyük töhfələr verdiyini bildirdi: "Arif Ələsgərov qrafika və rəngkarlıq sahəsində özünəməxsus dəst-xətti ilə tanınan sənətkardır. Xüsusilə qrafika sənəti ənənələrinin yaradıcı surətdə inkişaf etdirilməsi, milli dəyərlərin, ədəbi irsin və qədim ənənələrin təbliği onun yaradıcılığının əsas xüsusiyyətləridir. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək, bir çox mükafatlara layiq görülüb".
Qeyd olundu ki, Arif Ələsgərov həm də bir sıra dərsliklərin müəllifi kimi gənc nəslin bu sənəti dərindən mənimsəməsi yolunda xüsusi səylər göstərib.
Yubilyarı təbrik edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Arif Ələsgərovun sənət dünyasından, pedaqoji fəaliyyətindən söhbət açdılar. Bildirildi ki, rəssam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, Rəssamlıq Akademiyasında kafedra müdiri, professor olub. 2008-ci ildən Türkiyənin Karadeniz Texnik Universitetində rəssamlıq fakültəsinin kafedra müdiri kimi fəaliyyət göstərməklə yanaşı, yaradıcılıq axtarışlarını da davam etdirir. Həmkarları Arif Ələsgərovun sənətini yüksək qiymətləndirərək ona gələcək işlərində uğurlar arzuladılar.
Daha sonra çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi: "Artıq yeddinci ildir ki, qardaş ölkədə yaşayıram, hər zaman Azərbaycanı düşünürəm. Ölkəmizin uğurları ilə fəxr edirəm. Bugünkü mərasimdə sizləri görməkdən çox məmnunam. Burada mənim haqqımda o qədər gözəl sözlər söylədilər ki, kövrəldim".
Arif Ələsgərov bundan sonra da fırçasını yaxşı əsərlər naminə, milli ruhlu əsərlər yaratmaq üçün işlədəcəyini vurğuladı.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə rəssamın “Güləş”, “Kəndirbazlar”, “İçərişəhər”, “Köhnə Bayıl”, “Xatirələr”, “Füzuli dünyası”, “Payız”, “Ərzurum”, "Həyatın başlanğıcı", "Qədim türk yasına kompozisiya", "Musiqi emalatxanası" kimi qrafik və rəngkarlıq əsərləri nümayiş olunurdu.
Qeyd edək ki, Əməkdar rəssam, professor Arif Ələsgərov 1944-cü ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, V.İ.Muxina adına Sankt-Peterburq Ali Bədii-Sənaye Akademiyasını bitirib. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi üslubu olan rəssamın dəzgah qrafikasının leytmotivini Abşeron, Bakı və bakılılar təşkil edir. Rəssamın qrafik lövhələrinə şərti ifadə tərzinin bədii estetikliyini saxlamaq, onu yüksək bədii səviyyədə təqdim etmək xarakterikdir. Arif Ələsgərov "Estamp tarixi və ofort" və "Dizaynda kompozisiya" adlı kitabların müəllifidir. Onun əsərləri Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, həmçinin Türkiyə, Fransa, Polşa, Macarıstan, İtaliya, İngiltərə və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
F.Hüseynov