Noyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Əmrulla İsrafilovun və heykəltəraş Sahib Quliyevin əsərlərindən ibarət "Rəngkarlıq və heykəltəraşlıq" adlı sərgi açıldı. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, incəsənət nümayəndələri, sənətsevərlər iştirak edirdi.
Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov hər iki müəllifin əsərlərini, bədii zövqünü yüksək qiymətləndirdi. Bildirdi ki, sənətkarların müxtəlif illərdə yaratdıqları əl işləri onların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı verir. Sahib Quliyevin və Əmrulla İsrafilovun əsərləri özündə milli və tarixi xüsusiyyətlərlə bərabər, incəsənətə müasir yanaşmanı əks etdirir.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərginin əhəmiyyətindən, hər iki müəllifin yaradıcılığından söz açdı. Vurğuladı ki, Bakının müasir parklarının salınmasında bu sərgidə yer alan əsərlər tipində əl işlərindən geniş istifadə olunmalıdır. Bu həm şəhərimizin gözəlləşməsinə, həm də mədəniyyət və incəsənətimizin təbliğinə yardımçı olar.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Ekspozisiyada Əmrulla İsrafilovun 40 rəngkarlıq əsəri və Sahib Quliyevin 35 heykəltəraşlıq işi nümayiş etdirilir. Əmrulla İsrafilovun rəsmləri Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, yerli və xarici kolleksiyaçıların şəxsi kolleksiyalarında və rəsm qalereyalarında saxlanılır, sənətşünasların diqqətini cəlb edir. Sahib Quliyevin heykəltəraşlıq nümunələri də Azərbaycan Milli İncəsənət Muzeyində və xarici ölkələrdə şəxsi kolleksiyalarda yer alıb.
"Rəngkarlıq və heykəltəraşlıq" sərgisi noyabrın 21-dək davam edəcək.
Fariz Hüseynov