Noyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə akvarel janrında ustad dərslərinə start verildi. Təlimlər hər həftənin şənbə günü Xətai Sənət Mərkəzində tanınmış rəssam Çingiz Əzizovun rəhbərliyi ilə aparılacaq.
İlk təlim başlamazdan əvvəl suallarımızı cavablandıran Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirdi ki, layihənin məqsədi ölkəmizdə akvarel janrına marağın artırılması, bu janrda işləyənlərin bacarıqlarının təkmilləşdirilməsidir: “Ustad dərslərinə təcrübəli rəssamlar cəlb olunacaq. Təlimləri müxtəlif informasiya vasitələri ilə gənclərə çatdırmağı planlaşdırırıq. Bununla gənclərə sulu boya ilə işləməyin metodikası haqqında daha çox məlumat verəcəyimizi düşünürük”.
Direktor Xətai Sənət Mərkəzinin fəaliyyəti haqqında da məlumat verdi. Mərkəz 2008-ci ildə fəaliyyətə başlayıb: “Qalereyanın açılmasının əsas məqsədi burada milli ənənələrimizi və dəyərlərimizi yaşadan sənətkarların yaradıcılığının nümayişi, onların əsərlərinin toplanmasıdır. Təşkilatçılarımız ilk ekspozisiyada Azərbaycan təsviri sənətinin müasir mənzərəsini və bədii dəyərlərini əks etdirən sənət nümunələrini göstərməyi nəzərə aldılar. Ekspozisiyada göstərilənlər, əslində, respublikada mövcud olan müxtəlif cərəyanların küll halında təqdimatıdır. Qalereyamızda mütəmadi olaraq Azərbaycan rəssamlarının sərgiləri təşkil edilir. Gənc rəssamlarla da işləyirik. Bu gün xaricdə Azərbaycanla bağlı böyük mədəniyyət tədbirləri gerçəkləşir, biz də bu inkişafın bir qolu olaraq öz işimizi görmək, bacardığımız qədər bu sahəyə xidmət etmək istəyirik. Mərkəz fəaliyyətini genişləndirir. Bir neçə şöbəmiz var: dekorasiya, suvenir, rəssamlıq ləvazimatları, qalereya. Qalereyada yeni layihələr gerçəkləşdirməklə yanaşı, bura təşrif gətirən insanlara həm də mədəni istirahət xidməti göstərməyə çalışırıq. Mərkəzdə təcrübəli kadrlar çalışır. Bütün maraqlananları sənət mərkəzimizi ziyarətə dəvət edirəm”. Həmsöhbətimiz beynəlxalq layihələrin də planlaşdırıldığını bildirdi: “Amma bu gün əsas məqsəd Azərbaycan rəssamlığında baş verən yeniliklər və hadisələrlə ictimaiyyəti tanış etməkdir. Akvarel üzrə ustad dərsi də növbəti silsilə tədbirlərin başlanğıcıdır. Azərbaycanda da təsvirin görkəmli nümayəndələri akvarel texnikasına müraciət edərək dəyərli əsərlər yaradıblar. Bu sənətin gənc rəssamlar arasında təbliği və təşviqi üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir. Ötən ay Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində keçirilən “Akvarel” rəsm müsabiqəsinin yekun sərgisində ümumilikdə 450-dən artıq əsər arasından seçilən 100-dək əl işi nümayiş olundu. Sərgi hazırda da nümayiş olunur. Bu sərgi Naxçıvanda, Gəncədə və digər bölgələrimizdə, habelə xarici ölkələrdə - Özbəkistanda, Hindistanda və Almaniyada da nümayiş olunacaq. İnanıram ki, nazirliklə birlikdə bu mövzuda simpoziumun da keçirilməsinə nail olacağıq”.
Sonra akvarel ustası Çingiz Əzizovun ustad dərsi başlandı. Dərsdə tələbələr, rəssamlıqla maraqlanan adi vətəndaşlar iştirak edirdi. Rəssam akvarellə işləmənin üsulları və incəlikləri barədə iştirakçılara məlumat verərək yaratdığı tablo vasitəsilə fikirlərini izah edirdi. Ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılandı.
Lalə Azəri