ABŞ-dan gəlmiş məşhur teatr rəssamı səhnəqrafiya mövzusunda treninq keçirdi
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində müxtəlif mövzulara dair seminar-treninqlər də təşkil edilmişdi. Noyabrın 7-də ABŞ-dan gəlmiş məşhur teatr rəssamı İosif Yusupov Azərbaycan Dövlət Rus Dram Teatrında səhnəqrafiya məsələlərinə həsr olunmuş treninq keçdi.
Əvvəlcə beynəlxalq teatr layihələri üzrə əlaqələndirici Şaiq Səfərov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Teatr Treninq Mərkəzinin yaradıldığını və bu quruma rəhbərlik etdiyini diqqətə çatdırdı. Bildirdi ki, mərkəz tərəfindən teatrın müxtəlif sahələrini əhatə edən tədbirlər keçiriləcək: “Bu məqsədlə teatr peşəkarlarını, tanınmış mütəxəssisləri öz təcrübələrini paylaşmaq üçün Azərbaycana dəvət edəcəyik. Əcnəbi mütəxəssislərlə iş təcrübəmdən çıxış edərək deyə bilərəm ki, onlar belə seminarlara, müzakirələrə böyük əhəmiyyət verirlər. Bu da bizə imkan verir ki, öz fikirlərimizi, problemlərimizi, dünya görüşümüzü ifadə edək, fikir mübadiləsi aparaq”.
Azərbaycan teatrının problemlərindən söz açan Şaiq Səfərov xüsusilə teatr rəssamlığını inkişaf etdirməyin vacibliyini vurğuladı: “Bu sahədə dünyada baş verən yeniliklərdən, texnologiyadan xəbərimiz yoxdur. Müasir dünyada səs salan teatr rəssamlarının adlarını belə bilmirik. Bu qurumu yaratmaqda bir məqsədimiz də teatr sahəsində dünyada baş verən yeniliklər haqqında məlumat verməkdir”.
Sonra o, İosif Yusupovun həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Tacikistanın paytaxtı Düşənbədə anadan olan İ.Yusupov bu şəhərdə Akademik Teatrında rəssam, baş rəssam işləyib. Bir müddət Sankt-Peterburqda çalışıb: “O, dünyanın ən məşhur teatrlarında tamaşalar qoyub. 30 ildən artıq teatr rəssamı kimi çalışıb, keçmiş SSRİ-nin bir çox respublikalarında, xarici ölkələrdə hazırlanan tamaşalara quruluşçu rəssam kimi dəvət olunub. 1991-ci ildə ABŞ-a köçən sənətkar hazırda «Metropolitan Opera» teatrının rəssamıdır. Eyni zamanda ABŞ Rəssamlar Akademiyasının üzvüdür. Onunla Bakıda iki tamaşa qoymuşuq. Birlikdə Bakıda yenidən birgə layihə həyata keçirmək niyyətindəyik və hazırda bunun üzərində işləyirik”.
Sonra İosif Yusupovun treninqi başlandı. O, müasir teatr rəssamlığından bəhs edərək bədii tərtibat xüsusiyyətlərindən, bu zaman istifadə olunan materiallardan, o cümlədən plastik şüşə, müxtəlif şəffaf materiallarla səhnə tərtibatına nail olmağın mümkünlüyündən, bu əşyaların gözəl görünüşünün insana estetik zövq verməsindən danışdı. ABŞ-da fəaliyyət göstərən teatrlardan danışan mütəxəssis bildirdi ki, oradakı teatrların əksəriyyəti kommersiya müəssisələridir: «Hər şey prodüserdən başlayır, o, tamaşalara böyük pullar cəlb edir. Teatrda işləyəcək komandanı da məhz prodüser müəyyənləşdirir».
Rəssam son dövrlər Olimpiya Oyunlarında həyata keçirdiyi rəssamlıq işlərinə də toxundu. Əvvəlcə bu il Soçidə keçirilən Qış Olimpiya Oyunları ilə bağlı video-görüntülər nümayiş olundu, stadionun tərtibatdan əvvəl və sonrakı vəziyyəti göstərildi. Sonra rəssam orada gördükləri işlərdən, səhnə tərtibatının qurulmasından, dekorasiyadan danışdı: “Sevindirici haldır ki, mühəndislər stadionun qurulması işində bizim də təkliflərimizi nəzərə aldılar”.
Qonaq treninq iştirakçılarına dizayn işlərinin incəlikləri haqqında da məlumat verdi. Rəssam 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının da uğurla keçəcəyinə, o tədbirin rəsmi mərasiminin gözəl tərtibatı ilə yadda qalacağına əminliyini bildirdi.
Mehparə