Noyabrın 18-də Ukraynanın paytaxtı Kiyevdəki “Mıstetski Arsenal” (“İncəsənət Arsenalı”) milli mədəni-bədii və muzey kompleksində IX “Art-Kyiv Contemporary” forumu açılıb. Forumda tanınmış incəsənət xadimlərinin, kuratorların və art-birliklərin 40-dan artıq yeni layihəsi təqdim edilib.
Müasir incəsənət əsərlərinə bir növ baxış olan bu sərgidə azərbaycanlı rəssam, Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimov da iştirak edir. O, ukraynalı həmkarı Taisiya Melnik ilə forum çərçivəsində təşkil edilmiş “Xoşməramlı rezidentlər. Rəngkarlıq. Fotoqrafiya. İnstallyasiya. Performans” sərgisinin kuratorudur.
Sərgidə GUAM ölkələri rəssamlarının əsərləri nümayiş etdirilir. “Ekspressionizm” üslubunda işləyən gənc rəssam Rasim Seydimov Azərbaycanın Ukraynadakı səfirliyinin və “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) təşkilatının da dəstək verdiyi sərgiyə Xocalı soyqırımına həsr edilmiş “Uşaqlar”, “Ağrı” və “Xarabalar” adlı əsərlərini təqdim edib.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirdə çıxış edərək “Xoşməramlı rezidentlər” sərgisinin təşkilinə görə Ukrayna tərəfinə və UABD-nin sədri Hikmət Cavadova təşəkkürünü bildirib. Rasim Seydimovun yüksək peşəkarlığını və Azərbaycan rəngkarlıq sənətinin Ukraynada təbliğinə verdiyi töhfələri yüksək qiymətləndirən səfir bildirib ki, rəssamın sərgiyə təqdim etdiyi əsərlər erməni faşizmini, Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğalını öz gözləri ilə görmüş Xocalı sakinlərinin, bütün Azərbaycan xalqının qəlbindəki ağrı və qəzəb hisslərini əks etdirir.
Sərgi noyabrın 30-dək davam edəcək.