Daşkənddə Azərbaycan və özbək rəssamlarının sərgisi açılıb

Ölkəmizin Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Daşkənddə “İpək Yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə” adlı rəsm sərgisi açılıb.

Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunda təşkil olunan sərginin açılışında Özbəkistan Rəssamlıq Akademiyasının, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri, tanınmış sənət adamları və rəssamlar, institutun müəllim və tələbələri iştirak ediblər.
İştirakçılar əvvəlcə “Böyük İpək Yolu” adlı qısametrajlı sənədli filmə baxıblar.
Tədbiri institutun rektoru, professor Xasan Aminov açaraq bildirib ki, sərginin keçirilməsində məqsəd iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlığı daha da genişləndirmək, xalqlarımızın ortaq dəyərlərini təbliğ etmək və Böyük İpək Yolunun hər iki xalqın həyatında rolunu bir daha göstərməkdir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında əlaqələrdən söz açıb, bu əməkdaşlığın siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Mədəni əlaqələrdən bəhs edən səfir deyib ki, ötən ay Özbəkistan Milli Konservatoriyasında SSRİ Xalq artisti, tanınmış pianoçu Fərhad Bədəlbəylinin konserti uğurla keçib və biz bundan sonra da müntəzəm olaraq belə tədbirlərin təşkilini diqqətdə saxlayacağıq.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və digər fırça ustalarının, eləcə də Özbəkistanın Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov kimi sənətkarlarının 80-dən artıq əsəri nümayiş etdirilir.
Özbəkistanın Xalq rəssamı Akmal Nur bildirib ki, belə tədbirlər həm Daşkənddə, həm də Bakıda nə qədər çox keçirilərsə, biz bir-birimizi daha yaxından tanıyarıq.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” ansamblının ifa etdiyi rəqslər tədbirə əlavə rəng qatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar