Dekabrın 3-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda yazıçı-jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının fotoportretləri” sərgisinin açılışı və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Boyalı gülüşlər” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə reallaşan sərginin məqsədi foto sənəti ilə rəssamlığın yaxınlığına diqqət çəkmək, bu mövzuda yaradıcı insanların ünsiyyətinə, fikir mübadiləsi aparmasına imkan yaratmaqdır.
Mərasimdə çıxış edən Xalq rəssamı Arif Hüseynov belə bir sərginin ilk dəfə təşkil olunduğunu bildirib. Qeyd edib ki, fotoportretlər yüksək zövqlə çəkilib. Bu fotolara baxdıqda sənətkarların daxili aləmi, dünyagörüşü və düşüncələri haqqında təsəvvür formalaşır.
Xalq rəssamı Fuad Salayev, Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu respublikamızın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretlərinin nümayiş olunduğu sərginin və məşhur fırça ustalarının həyat hekayələrindən söz açan “Boyalı gülüşlər” adlı kitabının əhəmiyyətini qeyd ediblər, hər iki müəllifə uğurlar arzulayıblar.
Müəlliflər - Şirməmməd Nəzərli və Ziyadxan Əliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının fotoportretləri” sərgisində respublikamızın 55 tanınmış sənət adamının portretləri nümayiş olunur. Fotosərgi müəllifin tamaşaçılar qarşısında üçüncü hesabatıdır. Tədbirdə həmçinin Şirməmməd Nəzərlinin “13 hekayə” və “Çəkilməyən film” kitabları da təqdim edilib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Boyalı gülüşlər” kitabında Azərbaycan rəssamlarının həyatında baş vermiş məzəli əhvalatlar, eləcə də rəssamlığımızla bağlı maraqlı hadisələr və rəssamların şarjları yer alıb. Kitabdakı hadisə-əhvalatların “qəhrəmanları” sırasında Əzim Əzimzadə, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Tahir Salahov, Lətif Kərimov, Toğrul Nərimanbəyov, Ömər Eldarov, Fərhad Xəlilov, Eldar Mikayılzadə və digər rəssamlar var.

Fariz